Seçkilərdə müşahidənin aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri

A- A A+

Fevralın 9-da Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. Ən son açıqlanan rəqəmlərə görə, seçkiləri müşahidə etmək üçün 65 min 766 yerli və 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

NUHÇIXAN xəbər verir ki, Secki-2020.az saytı parlament seçkiləri ərəfəsində müşahidənin aparılmasının prinsiplərinə, müşahidəçilərin hüquq və vəzifələrinə nəzər salıb.

Müşahidəçilər seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərməməlidir. Müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır. Müşahidə açıq aparılmalıdır, müşahidənin yekunları faktlara əsaslanmalıdır.

Eyni zamanda, müşahidəçilər bir neçə şərtə riayət etməlidirlər. Belə ki, müşahidəçilər seçicilərin iradəsini azad və sərbəst bildirmələrinə maneçilik törətməməli, səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərməlidirlər.

Onlar, həmçinin mətbuat azadlığına hörmət bəsləməli, öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamalı, namizədlərin seçki kampaniyalarına müdaxilə etməməli və onu pozmamalıdırlar. Müşahidəçilər seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamalı, onları məhv etməməli və korlamamalıdır.

Onlar seçkiqabağı kütləvi tədbirlərə mane olmamalı, seçkilərin azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki orqanları və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etməlidirlər. Bundan əlavə, müşahidəçilər təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə, yaxud digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səs verməkdən çəkindirməyə sövq edə bilməzlər.

Müşahidəçilərin riayət etməli olduqları digər şərtlər isə aşağıdakılardır:

Təzyiq göstərmək, bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri seçkiqabağı təşviqatda iştirak etməyə və ya iştirakdan yayınmağa məcbur etməmək; Səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək, onlarla əməkdaşlıq etmək; Seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səsvermə və ya səslərin hesablanması prosesini pozmamaq; Seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına hörmət bəsləmək; Hədə-qorxu, böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materialları yaymamaq; Dövlət, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsi ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək.

Müşahidəçilər qanunla onlar qarşısında qoyulmuş tələbləri pozarlarsa, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyətə cəlb olunurlar.

Seçkiləri izləyən müşahidəçilərin aşağıdakı hüquqları var:

Səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq; Səsvermə günü seçki komissiyasının iclaslarını müşahidə etmək; Seçici siyahıları ilə tanış olmaq; Seçki məntəqəsi açıq elan edilməzdən əvvəl məntəqə seçki komissiyasının icra etməli olduğu hərəkətləri müşahidə etmək; Səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək; Seçicilərin barmaqlarına gözə görünməyən mürəkkəbin çilənməsini və onlara seçki bülletenlərinin verilməsini müşahidə etmək; Seçicilərin səsvermə kabinəsinə daxil olmalarını və oranı tərk etmələrini, seçki bülletenlərinin seçki qutusuna salınmasını müşahidə etmək; Səsvermə otağından kənarda səsvermə prosesini müşahidə etmək, eyni zamanda, daşınan seçki qutusunu müşayiət etmək; Səs vermiş seçicilərin sayını hesablamaq; Seçki qutularından çıxmış seçki bülletenlərinin sayılmasını müşahidə etmək; Müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasını müşahidə etmək; Səslərin hesablanması və səsvermənin nəticələri haqqında protokolun doldurulmasını müşahidə etmək; Müşahidənin nəticələrinə dair rəyin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək; Seçki komissiyalarının sənədlərinin surətlərini qanunauyğun çıxarmaq və ya almaq; Seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək; Seçki sənədlərinin yuxarı seçki komissiyalarına göndərilməsini müşahidə etmək.

Qeyd edək ki, yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: