MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib - FOTOLAR
Qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar fevralın 4-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Komissiyanın inzibati binasındakı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib və veb-kameraların quraşdırılması ilə bağlı son hazırlıq işləri ilə tanış olublar. Bildirilib ki, indiyədək ölkəmizdə keçirilən bütün seçkilər çoxsaylı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin yaxından iştirakı ilə xarakterizə olunub.
NUHÇIXAN xəbər verir ki, respublikamızda keçirilən seçkilərdə şəffaflığın beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri də uğurla tətbiq edilir və bu da seçkilərlə bağlı bütün prosesləri əvvəldən axıradək fasiləsiz izləməyə, azad və maneəsiz müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına imkan verir. Azərbaycan müşahidəçilərin sərbəst fəaliyyəti üçün yaradılan geniş və hərtərəfli imkanlar baxımından nümunə ola bilər.
Bu il də respublikamızın ictimai-siyasi həyatında mühüm hadisə olan parlament seçkilərində müxtəlif metod və vasitələrdən istifadə etməklə şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirilib. Azərbaycanda artıq 12-ci ildir ki, uğurla tətbiq olunan və seçki məntəqələrinə getmədən, internet vasitəsilə səsvermə prosesini birbaşa izləməyə imkan verən veb-kameralardan istifadə təcrübəsi cari il parlament seçkilərində də davam etdirilir. Seçki günü – fevralın 9-da seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi qaydada diqqət mərkəzində saxlanılır. Seçki günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.