Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, əvvəlcə Mərkəzi Seçki Komissiyasının bəyanatı oxunub. İndiyə qədər ölkəmizdə keçirilən seçki və referendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunduğunu və milli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq qoyulmadığını diqqətə çatdıran Mərkəzi Seçki Komissiyası bəyan edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi qarşıdan gələn Milli Məclisə seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır.
Sonra komissiyanın 2020-ci il yanvarın 27-də keçirilmiş iclasının protokolu təsdiq olunub. Ardınca fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək, fasiləsiz və arasıkəsilmədən izlənilməsi məqsədi ilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verilib.
İclasda qarşıdan gələn Milli Məclisə seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Komissiya 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə də baxıb. Maraqlı subyektlərin iştirakı ilə müraciətlərlə bağlı aparılan geniş müzakirələrdən sonra bir namizədin qeydə alınmasına dair müvafiq dairə seçki komissiyasının qərarı ləğv edilərək, namizədə verilmiş vəsiqə etibarsız hesab edilib, habelə digər bir seçki subyektinə xəbərdarlıq olunub.
Beynəlxalq müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.