Avropa Şurasında Ermənistana qarşı bir münasibət, Azərbaycana və Türkiyəyə qarşı isə başqa münasibət var
Prezident İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa Şurasında hökm sürən ədalətsizlikləri və ikili standartları kəskin tənqid edib. Buna misal olaraq təşkilatın Ermənistana qarşı bir münasibət, Azərbaycana və Türkiyəyə qarşı isə başqa münasibət göstərdiyindən danışıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan xalqının Avropa Şurasına olan ümidlərinin çoxdan itirdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik”.
Bununla belə, siyasi məhbuslar olan ölkələrin diqqətdən kənarda qaldığını vurğulayan Prezident İlham Əliyev buna Ermənistanı misal gətirib: Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun.
Avropanın aparıcı paytaxtlarında insanların müntəzəm olaraq döyüldüyünü, əzildiyini, təhqir edildiyini, öldürüldüyünü və buna bənzər digər zorakılıq hallarını diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, bu, demokratiya kimi qələmə verilir. “İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna, əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.