Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevlə görüşündə
Türk Şurasına sədrliyi uğurla davam etdirən Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələrdən danışaraq deyib ki, bunu ən yaxından bilən bizlərik. O, bu baxımdan Bakıda keçirilmiş Zirvə Görüşündə qəbul edilmiş qərarların əhəmiyyətini diqqətə çatdırıb.
NUHÇIXAN xəbər verir ki, Mövlud Çavuşoğlu beynəlxalq platformalarda Azərbaycan və Türkiyənin
bir-birini daim dəstəkləyəcəyinə əminliyini ifadə edərək deyib: “Biz bir-birimizi dəstəkləməyi Sizdən öyrəndik, öyrənirik. Sizin “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” sözlərinizi heç bir türk, Türkiyə Cümhuriyyəti vətəndaşı unuda bilməz. Sizin liderliyinizlə bütün bu çətinliklərə qarşı işbirliyimizi, əməkdaşlığımızı davam etdirəcəyik və Sizin liderliyinizlə Türkiyəni və Azərbaycanı, inşallah, hədəflərinə çatdıracağıq. İkili standartlarla, bizə bu cür mövqe nümayiş etdirənlərə qarşı biz də mübarizəmizi, inşallah, birlikdə davam etdirəcəyik. Hər zaman söylədiyimiz kimi, Türkiyənin olduğu qədər Azərbaycanın haqqını və haqlı mübarizəsini də müdafiə etmək bizim üçün vəzifədir”.
Mövlud Çavuşoğlu Avropa Şurasına ilk dəfə getdikləri zaman İlham Əliyevin Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğunu, Azərbaycan qədər Türkiyəni də müdafiə etdiyini məmnunluqla xatırladıb. Türkiyə və Azərbaycanın iki qardaş ölkə olaraq hər zaman bir yerdə olacağını vurğulayan nazir deyib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində ikitərəfli münasibətlərimiz daha çox güclənib.