Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
NUHÇIXAN xəbər verir ki, müşahidəçilər missiyasının tərkibi Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatlarından, TÜRKPA katibliyinin diplomatik nümayəndələrindən ibarətdir.
Müşahidəçilər səfər müddətində bir sıra dövlət qurumlarında görüşlər keçirəcək, seçkilər günü isə Bakıda və regionlarda səsvermə prosesi üzrə monitorinq aparacaqlar.
Fevralın 10-da müşahidəçilər missiyası tərəfindən aparılan müşahidələrin nəticələrinə dair mətbuat konfransı keçiriləcək və missiyanın seçkilərə dair rəsmi bəyanatı təqdim olunacaq.
Xatırladaq ki, TÜRKPA-nın müşahidəçilər missiyası 2010-cu ildən etibarən üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərini, habelə konstitusiya referendumlarını müşahidə edib.