Meksikanın nüfuzlu “El Sol de Mexico” qəzetində tanınmış jurnalist Federiko Lamontun “Meksika-Azərbaycan Alyansı” adlı məqaləsi dərc olunub.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycanın 1991-ci ildə uzun illərdən sonra sovet əsarətindən qurtularaq müstəqilliyini bərpa etdiyi və bunun 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş faciə zamanı göstərdiyi müqavimət nəticəsində mümkün olduğu vurğulanır. Müəllif istehza ilə bu faciənin “perestroyka” (yenidənqurma) və “qlastnost”un (aşkarlıq) müəllifi olan SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa təlimatı ilə həyata keçirildiyini vurğulayır, sovet ordusunun məhz onun göstərişi ilə silahsız əhaliyə qarşı təcavüzünü paradoks adlandırır.
Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində əldə edilmiş inkişafı “iqtisadi möcüzə” adlandıran müəllif onun rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, sosial sahədə də köklü dəyişikliklərin baş verdiyini, yoxsulluq səviyyəsinin 50 faizdən 4,8 faizə endirildiyini xüsusi vurğulayır.
Məqalədə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonun işğal olunduğu, həmin torpaqlardan bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığı bildirilir. Bu vəziyyətə dünya ictimaiyyətinin biganə qalmadığı, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin qəbul olunduğu oxucuların diqqətinə çatdırılır. Müəllif Xocalı soyqırımının müasir tarixin ən faciəvi və dəhşətli səhifələrindən biri olduğunu qeyd edərək, silahsız əhalinin yalnız azərbaycanlı olduğuna görə qəddarcasına qətlə yetirildiyini “El Sol de Mexico” oxucularının diqqətinə çatdırır.
Son zamanlar Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda uğurla həyata keçirilən islahatlara toxunan Federiko Lamont ölkəmizdə sosial, iqtisadi və vergi sahələrində əldə edilən nailiyyətləri vurğulayır, onların beynəlxalq səviyyədə, o cümlədən Davos Dünya İqtisadi Forumu tərəfindən təqdir edildiyini bildirir. Diqqətə çatdırır ki, Meksika Prezidenti Andres Manuel Lopez Obrador ölkəsinin korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsindən yararlana biləcəyini qeyd edir.