Naxçıvanda Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər başlayıb. Artıq səhər saat 8:00-da səsverməyə start verilib.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə 25 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 9 nəfəri Yeni Azərbaycan Partiyasının, 2 nəfəri Böyük Quruluş Partiyasının, 1 nəfəri Azərbaycan Sosial Rifah Partiyasının, 1 nəfəri Vahid Azərbaycan Partiyasının nümayəndələri, 12 nəfəri isə bitərəf namizədlərdir. Namizədlərdən 3 nəfəri qadındır.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 87-si Yeni Azərbaycan Partiyasının, 1 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi, 52 nəfəri isə bitərəfdir. Namizədlərdən 18-i qadındır.
Muxtar respublika üzrə seçki məntəqələrində 35 veb-kamera quraşdırılıbdır. Həmin veb-kameralar artıq aktivdir. Seçki prosesini dünyanın hər yerindən onlayn izləmək mümkündür.
Səsvermə saat 19:00-da bitəcək.