Muxtar respublikada seçicilər yüksək fəallıq nümayiş etdirirlər. Naxçıvanda bütün məntəqələrdə hər kəs məntəqəyə daxil olduğu andan öz iradəsinə uyğun hərəkət edir, seçdikləri namizədlərə səs verirlər.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Milli Məclisinə seçkiləri müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasında olan MDB müşahidə missiyasının üzvü Vladimir Muradov deyib.
Vladimir Muradov qeyd edib ki, muxtar respublika yüksək seçki təcrübəsinə malikdir. O deyib: “Mən məntəqə seçki komissiyasının üzvlərinin vətəndaşlara necə hörmətlə yanaşdığının, lazım gələndə qanunvericilik çərçivəsində onlara hər cür kömək etdiklərinin şahidi oldum. Bu, çox müsbət haldır. Görünən odur ki, muxtar respublikada parlament seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilib. Hər şey müvafiq qanunların tələblərinə uyğun aparılır. Müşahidə apardığım müddət ərzində heç bir qanun pozuntusu ilə rastlaşmadım”.