Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri Yaponiya mətbuatının da diqqət mərkəzindədir.
NUHÇIXAN xəbər verir ki, Yaponiyanın nüfuzlu Jiji Press agentliyi seçkilərlə bağlı son məlumatları öz oxucularının diqqətinə çatdırıb.
“Azərbaycanda keçirilən ümumi seçkilərdə hakim partiya qalib gəlib” adlı məqalədə əvvəlcə ölkəmiz haqqında ümumi məlumat verilir. Qeyd edilir ki, neft hasilatı sahəsində tanınmış Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Məqalədə keçmiş SSRİ respublikaları arasında Azərbaycanın iqtisadi uğurları ilə diqqəti cəlb etdiyi bildirilir.
Ötən il dekabrın 2-də Prezident İlham Əliyev tərəfindən ölkə parlamentinin buraxıldığı və bununla da növbədənkənar seçkilərə yol açıldığı yapon oxucularının diqqətinə çatdırılır.
Məqalədə cari seçkilərdə hakim Yeni Azərbaycan Partiyası da daxil olmaqla 19 siyasi partiyanın iştirak etdiyi qeyd edilir və bildirilir ki, həmin partiyalar Milli Məclisdəki 125 yer uğrunda mübarizə aparıb.
Müəllif 1314 namizədin mübarizə apardığını xüsusi qeyd edir.
Məqalədə Şərqi Avropa ilə Qərbi Asiyanın qovşağında yerləşən respublikamızda 5,3 milyon seçicinin olduğu, 18 yaşlı hər bir gəncin seçmək hüququna malik olması da öz əksini tapıb.
Qeyd edilir ki, seçkilər zamanı aparılan ictimai rəyin öyrənilməsi üzrə sorğuların nəticələrinə görə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası 125 yerdən 69-nu qazanaraq qalib gəlib.