TÜRKPA-nın müşahidə missiyası: Azərbaycanda parlament seçkiləri tam demokratik, şəffaf keçdi - FOTOLAR
Fevralın 10-da TÜRKPA-nın müşahidə missiyası Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib.
NUHÇIXAN xəbər verir ki, təşkilatın Baş katibi Altınbek Mamayusupov parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildirib.
Missiyanın rəhbəri İsmət Uçma müşahidə apardıqları seçki məntəqələrində fəallığın olduğunu vurğulayıb. O qeyd edib ki, namizədlər üçün əlverişli şərait yaradılmışdı. Bu da ədalətli və şəffaf seçkilərin keçirildiyini təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər: “Müşahidə apardığımız seçki məntəqələrində texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə yüksək əhval-ruhiyyə ilə səs verməyə gəlmələrini görmək çox maraqlı idi. Bizim üçün daha bir önəmli amil namizədlərin sayının çox olması idi. Namizədlərə təbliğat-təşviqat kampaniyası aparmaq və seçicilərlə görüş üçün bütün şərait yaradılmışdı. Müşahidələrimizin nəticəsi olaraq deyə bilərik ki, seçkilər tam demokratik, şəffaf keçdi.
İsmət Uçma səfər zamanı Azərbaycanda keçirdikləri görüşlər barədə də məlumat verib.