Ukraynanın “Versii” saytı Xocalı soyqırımına dair məqalə yayıb

A- A A+

Ukraynanın “Versii” saytı həmvətənimiz, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin Xocalı soyqırımına dair məqaləsini yayıb.

NUHÇIXAN xəbər verir ki, məqalədə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti və təcavüzünün 200 illik tarixi olduğu qeyd edilir.

Müəllif yazır: “Tarixi faktlar təsdiq edir ki, azərbaycanlılar erməni millətçiləri tərəfindən etnik təmizləmə, soyqırımı və təcavüz siyasətinə davamlı şəkildə məruz qalaraq tarixi torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə "böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər xarici havadarlarının köməyi ilə azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirdilər. XX əsrin əvvəllərində Daşnaksütyun partiyasının proqramında irəli sürülmüş “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün fəaliyyətlərini genişləndirən erməni millətçiləri tarixi torpaqlarda yaşayan azərbaycanlıları sistematik surətdə öz doğma yurdlarından qovur, etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirirdilər. Nəticədə, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə azərbaycanlıların qırğınını həyata keçirdilər, şəhər və kəndlər yandırıldı, məhv edildi. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl rayonlarında, İrəvan və Gəncə qəzalarında azərbaycanlıların yaşadıqları 200-dən çox yaşayış məntəqəsini viran qoydular, doğma torpaqlarından qovulan on minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü”.

Məqalədə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətindəki Xocalı şəhəri işğal olundu və burada yaşayan mülki əhaliyə, onları müdafiə edənlərə öz miqyasına görə misli görünməyən və soyqırımı kimi səciyyələndirilən bir şəkildə divan tutuldu. 613 nəfər amansızcasına qətlə yetirildi, müxtəlif yaşlı 100 dinc sakin əlil oldu. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi vəhşiliklə öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 azyaşlı isə valideynlərindən birini itirdi, 1275 dinc sakin əsir götürüldü, onların 150-sinin taleyi bu günədək məlum deyil. Bundan başqa, 56 azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib – diri-diri yandırılıb, başlarının dərisi soyulub, başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilib. Faktlar göstərir ki, Xocalının sakinləri və müdafiəçiləri yalnız azərbaycanlı olduqları üçün məqsədyönlü şəkildə kütləvi qətliama məruz qalıblar. Bu dəhşətli aksiyanın əsas məqsədi şəhərin bütün əhalisinin məhv edilməsi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: