İranın pool news.ir portalında Xocalı soqırımının 28-ci ildönümü ilə əlaqədar material yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, yazıda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər haqqında məlumat verilir. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri ağır hərbi texnika ilə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq dinc sakinləri amansızcasına qətlə yetirmişlər. Şəhər yerlə yeksan edilmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmiş, yüzlərlə mülki insan ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.
Bu soyqırımı törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kobudcasına pozulmuşdur.
Yalnız ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib.
Məqalədə vurğulanır ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Ermənistan Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasının və soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.