Xocavənd rayonunun Qaradağlı kəndi Qarabağ müharibəsində ən çox faciələrə düçar olan, ağrı-acı yaşayan kəndlərimizdəndir. Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan bu kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. NUHÇIXAN-ın məlumatına görə, 28 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.
1990-cı il noyabrın 24-də üç nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, dörd nəfər yaralandı. Onlardan ikisi sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.
Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada altı sakin - üç kişi və üç qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən iki oğlan, altı qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.
Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.