Meksika qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub - FOTOLAR
Meksikanın ən çox oxunan ingilisdilli “Pulse News Mexico” qəzetində Azərbaycanda keçirilmiş parlament seçkilərində müşahidəçi qismində iştirak etmiş jurnalist Tereza Marqolisin məqaləsi dərc olunub.
NUHÇIXAN xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun işğal edildiyi, 800 mindən çox azərbaycanlının doğma yurdlarından didərgin salındığı bildirilir. Azərbaycan əhalisinə qarşı törədilmiş bu etnik təmizləmənin beynəlxalq ictimaiyyət tərəfindən tanındığı, BMT TŞ tərəfindən erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çixarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyi, lakin bu günə qədər Ermənistan tərəfindən bu sənədlərə məhəl qoyulmadığı, Azərbaycan torpaqlarının işğalının davam etdiyi vurğulanır. Bütün bunlara baxmayaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanır. Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışdığı qeyd edilir.
Məqalədə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin fikirləri də yer alıb. O, Azərbaycanın münaqişənin, ilk növbədə, sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Ermənistanla danışıqlara açıqdır.
Həmçinin Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyevin sözlərinə də istinad edilib. O, münaqişənin həllində Azərbaycanın beynəlxalq dəstəyə ehtiyacı olduğunu qeyd edib.
Müəllif vurğulayır ki, iqtisadi cəhətdən asılı vəziyyətdə olan Ermənistan Azərbaycanla yaxınlaşarsa, bu, Yerevanın enerji resurslarına çıxışına və iqtisadi müstəqillik əldə etməsinə səbəb ola bilər.