"The Korea Post" qəzeti Xocalı soyqırımından yazır

A- A A+

Cənubi Koreyanın “The Korea Post” qəzetində "Ermənistanın Azərbaycana hərbi təcavüzü fonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımı” sərlövhəli məqalə çap olunub.

NUHÇIXAN xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərindəki mülki insanlara hücum etdikləri yazılıb. Bildirilib ki, soyqırımı nəticəsində 613 mülki sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. İnsanlara qarşı işgəncələr verilib, başları kəsilib, gözləri çıxarılıb, diri-diri yandırılıb. Şəhər yerlə-yeksan edilib, evlər və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb.

Qeyd olunub ki, Ermənistan respublikasının rəhbərliyinin hazırladığı soyqırımını Ermənistan silahlı qüvvələri, habelə Dağlıq Qarabağdakı erməni terrorçuları, keçmiş SSRİ-nin Xankəndindəki hərbi hissəsi birgə təşkil edib. Nazi faşistlərindən fərqli olaraq Xocalı soyqırımını törədənlər mülki şəxslərə qarşı törətdikləri cinayətkar əməllərinə haqq qazandırmağa çalışıblar. Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyanın “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldırmazlar. Amma biz bu stereotipi sındıra bildik” fikri məqalədə əksini tapıb.

Bildirilib ki, həmin günlərdə “Sunday Times”, “Financial Times”, “Times”, “Izvestiya”, “Le Monde”, “Crual L'Eveneman” kimi nüfuzlu nəşrlər Xocalıda baş verən dəhşətli hadisələr barədə məqalələr çap ediblər.

"The Korea Post" qəzetində çap olunan məqalədə Xocalıda baş verənlərin müvafiq beynəlxalq sənədlərə əsasən soyqırımı aktı olduğu, Xocalı faciəsinin Holokost, Xatın, Lidisa, Oradur, Srebrenisa soyqırımından heç bir fərqinin olmadığı vurğulanıb.

Yazıda “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində dünya ictimaiyyəti arasında Xocalı soyqırımı haqqında beynəlxalq humanitar hüquq və insan haqları pozuntusu kimi qlobal məlumatlılığın artdığı, bir neçə beynəlxalq təşkilatın, bəzi ölkələrin parlamentlərinin və ABŞ-ın 22 ştatının Xocalı soyqırımını tanıdığı və pislədiyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: