“Ermənilər Naxçıvanda heç bir zaman aborigen olmayıb: Bura Azərbaycan torpağı, türk yurdudur!”
Musa Qasımlı: “Onlar Naxçıvana Şimali Azərbaycanın çar Rusiya tərəfindən işğalından sonra köçürülüb”
Xəbər verdiyimiz kimi, bu günlərdə Münhendə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Paşinyan arasında keçirilən debat-diskussiya bütün dünyada böyük maraqla qarşılanıb. İlham Əliyevin tarixi-siyasi arqumentləri qarşısında gülünc vəziyyətə düşən Paşinyan, vaxtiylə Naxçıvanda çoxlu sayda erməninin yaşadığı, onların guya məhz Qarabağ münaqişəsi fonunda bu bölgəni tərk etdiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, moderator.az-a açıqlamasında Paşinyanın məlum itithamına münasibət bildirən tarixçi alim Musa Qasımlı, Paşinyanın söylədiklərini cəfəngiyyat adlandırıb:
“Münhen təhlükəsizlik konfransında keçirilən debatda Paşinyan bir daha özünün tarixi, hüquqi və siyasi savadsızlığını göstərdi.
Konkret olaraq Naxçıvanla bağlı məsləyə gəldikcə, hamı bilir ki, Naxçıvan qədim Azərbaycan torpağıdır, türk yurdudur. Naxçıvana ermənilər Şimali Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra, Osmanlı və Persiya ərazisindən köçürülüb. Bununla bağlı rəsmi sənədlər mövcuddur. Əgər Paşinyan bunu bilmirsə, bu, onun problemidir. Yox əgər bilib demirsə, bu, onun riyakarlığıdır. Düşünürəm ki, küçədən hakimiyyətə gəlməsinə baxmayaraq, Paşinyan bu tarixi faktları bilməmiş deyil.
Ermənilərin I Dünya Müharibəsi illərində də Naxçıvana köçürülməsinə dair çoxlu faktlar var. Ermənilər Naxçıvanda heç bir zaman aborigen olmayıb. Naxçıvanın aborigen əhalisi azərbaycanlılar və türklərdir.
Paşinyan danışdıqca özünü dünya ictimaiyyətinin gözündə rüsvay etdi. O, Naxçıvandan ermənilərin getməsini iddia edir, amma görünür bilməmiş deyil ki, 1988-ci ildən sonra Ermənistandan təqribən 200 mindən çox azərbaycanlı vəhicəsinə qovulub. Ermənistanda Azərbaycan tarix və mədəniyyət abidələri yerlə-yeksan edilib, qəbiristanlıqlar dağıdılıb. Bu, erməni vandalizminin bir nümunəsidir.
Hesab edirəm ki, Münhen çıxışı ilə Paşinyan bir daha göstərdi ki, onun təfəkkürü dırnaqarası siyasətçi təfəkküründən, biliyi isə ən zəif orta məktəb şagridinin biliyindən qat-qat aşağıdır”.