Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun bu ölkənin “aa-news.iq” saytında Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub.
NUHÇIXAN xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarından bəhs olunub. Nəzərə çatdırılıb ki, Ermənistan Dağlıq Qarabağı işğal edərkən azərbaycanlılara qarşı amansız olub və Xocalı şəhərində soyqırımı törədib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri ağır hərbi texnika ilə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq dinc sakinləri amansızcasına qətlə yetirib. Şəhər yerlə yeksan edilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, yüzlərlə mülki insan ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Bu soyqırımını törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kobudcasına pozulub.
Materialda deyilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri ilə dünya ictimaiyyəti ermənilərin bu vəhşiliyindən xəbər tutub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin mümkünlüyünü vurğulayır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasının və soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və dünya ictimaiyyətində geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilib.