Ukraynanın informasiya portalında Prezident İlham Əliyevin Paşinyanla müzakirələri barədə məqalə dərc edilib
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın “lb.ua” informasiya portalında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə dair yazısı dərc edilib.
NUHÇIXAN xəbər verir ki, səfir məqalədə Prezident İlham Əliyevin diplomatik qələbəsindən yazır. “Bu, sadəcə iki siyasətçinin müzakirəsi deyil, iki siyasi məktəbin müzakirəsi idi. Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Nikol Paşinyan isə aqressiv görünürdü və sivil dialoqa hazır deyildi. Eyni zamanda, bu debat qlobal və regional geosiyasət arasındakı ziddiyyətləri əyani şəkildə göstərdi”, - deyə məqalədə vurğulanır.
Səfir vurğulayıb ki, təcavüzkar ölkənin hökumətinin başçısı, manipulyasiya və hətta məlum tarixi həqiqətləri təhrif etməklə əsl mahiyyətdən yayınmağa çalışırdı.
Azərbaycan Prezidenti isə beynəlxalq hüquq normaları çərçivəsində siyasi etika qaydalarına ciddi riayət edərək, fikirlərini təmkinlə söylədi və açıq şəkildə mübahisə etdi. Təsadüfi deyil ki, Ermənistandakı bir çox ekspert və siyasətçi də İlham Əliyevi bu müzakirələrin qalibi hesab edir.
Müzakirələr zamanı Azərbaycan Prezidenti yüksək səviyyəli təhsili, müasir siyasi lider mədəniyyəti və ingilis dilini əla bilməsi ilə özünü rəqibindən fərqləndirdi. XXI əsrin lider xüsusiyyətini, dialoqa açıq, siyasi mədəniyyət və təmkinli, istənilən vəziyyətdə siyasətə dərindən bələd olduğunu nümayiş etdirdi.