Fevralın 19-də Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Sosial İnkişaf Komissiyasının 58-ci sessiyası çərçivəsində “Daha ədalətli dünyaya doğru: Asiyada evsizlik, sosial müdafiə, yoxsulluq və çatışmazlıq problemlərinin həlli yolları” mövzusunda forum keçirilib.
NUHÇIXAN xəbər verir ki, müxtəlif ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov çıxış edib.
O, çıxışında Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və erməni ordusunun 1992-ci ilin fevral ayında törətdiyi Xocalı soyqırımı haqqında məlumat verib. S.Qasımov Ermənistanın beynəlxalq hüququ ciddi şəkildə pozulması, Azərbaycan ərazisinin 20 faizinin erməni ordusu tərəfindən işğal olunmasını diqqətə çatdırıb. Deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, 1 milyon etnik azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb və onların fundamental hüquqları kobud şəkildə pozulub.
Münaqişə haqqında geniş məlumat verən S.Qasımov tədbir iştirakçılarının nəzərinə çatdırıb kı, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd 822, 853, 874 və 884 saylı qətnamələrini qəbul edib. Vurğulanıb ki, bu qətnamələr Azərbaycan torpağlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir və işğal olunmuş ərazilərdən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edir.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığı və dəstəkləndiyi halda beynəlxalq təşkilatların münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərə əsaslanan çoxsaylı qərar və qətnamələri Ermənistan tərəfindən yerinə yetirilmədiyi qeyd olunub.
Tədbir çərçivəsində Avropa Azərbaycanlılar Konqresinə Dünya Sülh və Əminamanlıq Federasiyasının (FOWPAL) təsis etdiyi “Sülh” mükafatı təqdim edilib.