Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olaraq keçirilən konfransda dünya siyasətinin maraqlı və aktual məsələləri geniş müzakirə olunub. Qlobal geosiyasi proseslərlə regional proseslərin uyğunlaşdırılması üzərində dayanılıb. Həmin sırada regional münaqişələrin həlli də aktual mövzu kimi diqqət mərkəzində olub. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ayrıca panel təşkil edilib. Orada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan açıq debata çıxıblar. Debatın gedişi, müzakirə edilən məsələlərin məzmunu və tərəflərin ifadə etdiyi fikirlərin geosiyasi kontekstdə təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.
Dünyanın aktual geosiyasi problemləri: Münxen Konfransından baxış
1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. Orada planetin çox sayda ölkəsindən ölkə rəhbərləri, siyasətçilər, iş adamları və diplomatlar iştirak edirlər. Bu il 56-cı dəfə keçirilən konfransda dünyanın 40-dan çox ölkəsindən 800-dən çox nümayəndə, 150 dövlət və hökumət başçısı, həmçinin hökumət üzvü iştirak edib. Təbii ki, konfrans çərçivəsində qlobal təhlükəsizlik məsələləri müzakirə olunub. Dünya siyasəti üçün aktual hesab edilən məqamlar üzərində dayanılıb. Bununla yanaşı, müxtəlif regionlarda özünü göstərən problemlərin də müzakirəsi aparılıb. Onların sırasında Yaxın Şərq, İran, Çin, Suriya, Liviya xüsusi yer tutub. Ekspertlər həmin aktual məsələlərlə yanaşı, Amerikanın xarici siyasətinin daha konkret səviyyədə izah edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Ayrıca, Avropa İttifaqının geosiyasi faktor olaraq daha geniş məkanda təsirinin artırılması yolları haqqında danışılıb. Bütün bunlar qlobal miqyasda özünü göstərən ziddiyyətlər və fikir ayrılıqları fonunda müzakirə edilib. Hətta Emmanuel Makronun "Avropa geosiyasi faktor kimi yox ola bilər" tezisi ilə bağlı müxtəlif mövqelər nümayiş etdirilib. Aydın hiss olunub ki, avropalılar bu məsələdən narahatdırlar.
Ukrayna məsələsinə adəti üzrə diqqət xeyli çox olub. Ukraynada vəziyyətin sabitləşməsi yolları ətrafında geniş müzakirələr aparılıb. Ancaq hansısa ortaq mövqe formalaşmayıb. Çin ilə əlaqəli də analoji vəziyyət yaranıb. Ümumiyyətlə, Çinin qlobal geosiyasətdə fəaliyyətini məhdudlaşdırmağa meyil Vaşinqton tərəfindən yenə də hiss etdirilib. O cümlədən yeni texnologiyaların tətbiqində Çin şirkətlərinin iştirakının zəiflədilməsi və bir sıra hallarda aradan çıxarılması ilə bağlı fikirlər səsləndirilib.
Bunların fonunda bizim üçün maraqlı olan iki məqamı da vurğulamaq istərdik. Onlardan biri Suriya və Liviya ilə bağlı Rusiya-Türkiyə danışıqlarıdır. Bu ölkələrin Xarici İşlər nazirləri Münxen Konfransı çərçivəsində görüşərək, yaranmış vəziyyəti müzakirə edib, lakin ortaq mövqeyə gələ bilməyiblər. Segey Lavrov açıq bəyan edib ki, İdlibdə Bəşər Əsədin nəzarəti tam olmalıdır. Bunun üçün bütün mümkün vasitələrdən istifadə ediləcək. Ekspertlər bunu Rusiyanın İdlibdə hərbi əməliyyatları davam etdirməsi kimi qiymətləndiriblər.
Doğrudan da, Münxendə müzakirələr gedən zamanı B.Əsəd rejiminə və İrana bağlı silahlı dəstələr intensiv surətdə İdlibdə hücumları davam etdiriblər. Onlar xeyli ərazini zəbt ediblər. Suriya müxalifəti də şiddətli cavablar verib. Nəticədə, hər iki tərəfdən böyük itkilər olub. Ancaq hərbi əməliyyatlar dayandırılmayıb.
Türkiyənin Xarici İşlər naziri Münxendə bəyan edib ki, Suriyada B.Əsədin hərbi qələbəsinə imkan verməyəcəklər. Ankara da bölgəyə əlavə qüvvələr yeridib. Bununla İdlib hazırda dünyanın ən qanlı bölgələrindən birinə çevrilib. BMT-nin yaydığı informasiyaya görə, bu bölgədən 900 min dinc sakin didərgin düşüb. Onlar hərbi əməliyyatların getdiyi ərazilərdən canlarını qaçmaqla qurtarmağa çalışırlar.
Münxen Konfransı kontekstində təsadüfən İdlib məsələsi üzərində dayanmadıq. Burada proseslərin gedişatı faktiki olaraq Liviya məsələsində də əsas oyunçuların mövqelərini ortaya qoyur. Belə görünür ki, Liviyada da savaş hələ irəlidədir. Böyük güclər məqsədlərinə çatmaq üçün başlıca olaraq gücdən istifadə edirlər. Bu isə o deməkdir ki, Liviyada silah embarqosu da tam gücü ilə işləməyəcək.
Yekun olaraq Münxendə alınan qərara əsasən, Rusiya və Türkiyə heyətləri Moskvada İdlib probleminin həll edilməsi məsələsini müzakirə edirlər. Liviya ilə əlaqəli isə hansısa razılıq əldə edilməyib.
İki fərqli lider: Azərbaycan Prezidentinin üstünlükləri
Bizim üçün əhəmiyyətli olan əsas məsələ isə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla açıq debata çıxması olub. Bütün dünyanın izlədiyi diskussiyada Azərbaycan rəhbəri erməni liderə siyasət dərsi verib. Açıqca görünüb ki, İlham Əliyev siyasətçi və diplomat kimi N.Paşinyandan dəfələrlə yüksəkdədir. Həm dil bilgisində, həm də problemlərin analizinə yanaşmada İlham Əliyev müasir siyasətçiyə uyğun olan mövqe nümayiş etdirib. Azərbaycan Prezidenti təmkinli mövqeyi və arqumentləri ilə erməni naziri çox pis vəziyyətə salıb. Faktiki olaraq bütün punktlar üzrə N.Paşinyanın yalan danışdığı məlum olub.
Bu məqam o dərəcədə aydın görünüb ki, erməni ekspertlər N.Paşinyanı güclü tənqid atəşinə tutublar. Onlar baş nazirin son dərəcə miskin, zəif və əlacsız durumda olduğunu vurğulayırlar. Məsələn, ekspert Andranik Tevanyan özünün Facebook səhifəsində yazıb ki, İlham Əliyevin duruşu, davranışı və N.Paşinyanı gülünc vəziyyətə salmasından belə təəssürat yaranırdı ki, müharibədə uduzan tərəf bizik. Hətta Azərbaycanın Xarici İşlər naziri N.Paşinyanın çıxışına ironiya ilə reaksiya verdi. Bunun günahkarı isə N.Paşinyandır, çünki o, özü belə münasibət yaradan hərəkətlər etdi.
Sözlərinə davam edərək erməni ekspert qeyd edir ki, Münxen müzakirələri kimlərin pərdəarxası özünü necə apardığı və kimlərin diktə etdiyini aydın göstərdi. Deməli, ermənilər də anlamağa başlayıblar ki, Azərbaycan rəhbərliyi çox güclüdür. Prezidentin siyasi, ideoloji, diplomatik, mənəvi-əxlaqi səviyyəsi Ermənistan dövlət başçısından dəfələrlə üstündür. İlham Əliyevin qətiyyətli mövqeyi, möhkəm iradəsi qarşısında N.Paşinyan deyil, istənilən erməni siyasətçisi duruş gətirə bilməz.
Bu səbəbdəndir ki, Prezident İlham Əliyevin Münxendə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri təmkinlə, yüksək məntiq və zəka ilə deməsi tamamilə gözlənilən bir hadisə kimi qəbul edilməlidir.
İlham Əliyev münaqişənin həlli modelini növbəti dəfə ifadə edib: öncə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi və erməni silahlı qüvvələrinin oradan çıxması, sonra öz yurdlarından didərgin düşən azərbaycanlıların evlərinə qaytarılması və kommunikasiyaların açılması, sabitlik yaranandan sonra isə Azərbaycan qanunları çərçivəsində bölgənin statusunun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində həll edilməsi. Bütün bunlar beynəlxalq hüquq normaları əsasında, Madrid prinsipləri və Helsinki yekun Aktına uyğun həyata keçirilməlidir.
Əlbəttə, Azərbaycan Prezidentinin fikrini konkret və açıq ifadə etməsi üçün bütün əsasları vardır. İlham Əliyev həm şəxsi keyfiyyətlərinə görə N.Paşinyandan xeyli yüksəkdədir, həm də tam haqlıdır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bunu bütün beynəlxalq təşkilatlar etiraf ediblər. BMT həmin məsələ ilə bağlı dörd qətnamə qəbul edib. Avropa İttifaqının, Avropa Şurasının, AŞPA-nın, İƏT-in, Qoşulmama Hərəkatının, NATO-nun bununla bağlı sənədləri mövcuddur. Hüquqi baxımdan Ermənistanın xeyrinə heç bir şey yoxdur. Bu məqamı da İlham Əliyev debatda ifadə edib.
Azərbaycan Prezidenti millətlərin öz müqəddəratını təyinetmə hüququndan Ermənistanın süni yararlanmağa çalışdığını deyib. Çünki erməni xalqı öz müqəddəratını artıq bir dəfə müəyyən edib və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu bağlılıqda dövlət başçısı konkret ifadə edib: əgər ermənilər ikinci dövlət yaratmaq istəyirlərsə, dünyanın başqa ərazilərində bu imkanı axtarsınlar. Azərbaycanda yox!
Bununla da faktiki olaraq müzakirələrə yekun vurulub: Azərbaycan ərazi bütövlüyünü istənilən halda bərpa edəcək. Buna onun kifayət qədər gücü vardır. Belə bir fikrin Münxendə qətiyyətlə səsləndirilməsi digər məqamlarla yanaşı, son zamanlar bir sıra dairələrin münaqişənin həlli ilə bağlı yaymağa çalışdığı əsassız informasiyaların üstündən xətt çəkmiş olur. İlham Əliyev bir gedişlə bütün dünyaya nümayiş etdirdi ki, rəsmi Bakı ancaq ərazi bütövlüyünün bərpası şərti ilə münaqişənin həlli variantını qəbul edə bilər. Bundan kənar yayılan söz-söhbətlər kimlərinsə öz-özlərini aldatmasıdır. O cümlədən Azərbaycandakı "beşinci kolon"un yanlış mövqeyinin ifadəsidir.
Beləliklə, Azərbaycan Prezidenti Münxendə tarixi uğur əldə edib. Şübhə yoxdur ki, bu fakt münaqişənin həllinə müsbət təsirini göstərəcək. Ermənistan tərəfi isə artıq arqumentsiz qaldığını qəbul etməli olacaq!
Newtimes.az