“Pakistan Observer” qəzetində Xocalı soyqırımı ilə bağlı yazı dərc olunub

A- A A+

Pakistanın “Pakistan Observer” qəzetində Muhammad Sheharyar Javedin “Azərbaycan vətəndaşlarına qarşı Xocalı soyqırımı” adlı məqaləsi dərc edilib.

NUHÇIXAN xəbər verir ki, müəllif Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımından danışır, bu faciənin daha öncədən-Naxçıvan, Zəngəzur və Qarabağdan mərhələli şəkildə başlandığını qeyd edir. O vaxtilə Ermənistana verilən, lakin əzəli Azərbaycan torpağı olan Zəngəzurun adının Syunik olaraq dəyişdirildiyini və hazırda Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı ayıran Ermənistanın cənub bölgəsinə qatıldığını diqqətə çatdırır. Bu səbəbdən Naxçıvanın Azərbaycanla sərhədi olmadığını, Ermənistanın şərqində yerləşdiyini və Azərbaycanın əsas hissəsindən ayrı qaldığını deyən müəllif Ermənistanın Dağlıq Qarabağ müharibəsi zamanı Naxçıvana hücumu nəticəsində qanunsuz olaraq bölgənin bir kəndini işğal etdiyini bildirir. SSRİ dövründə Zəngəzurun Ermənistana verilməsinə baxmayaraq, Qarabağın SSRİ tərəfindən Azərbaycanın ərazisi olaraq saxlanıldığını, lakin hələ də Ermənistan tərəfindən işğal altında olduğunu vurğulayır.

Müəllif Ermənistan ordusu tərəfindən törədilən soyqırım nəticəsində 613 Xocalı sakininin, günahsız qadın, qoca və uşaqların bir gündə qətlə yetirildiyini və bu soyqırımın insanlığa qarşı bir cinayət olduğunu diqqətə çatdırır.

Məqalədə Xocalı Soyqırımı ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğalçı ölkə kimi tanıyan, Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən müxtəlif qətnamə və sənədlər qəbul etdiyi qeyd olunur. Müəllif Azərbaycan Respublikasının dünya miqyasında artan nüfuzundan bəhs edərək bu ölkənin öz ərazi bütövlüyünü hərbi qüvvələri vasitəsilə həll etməyə qadir olduğunu vurğulayır və Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edərək beynəlxalq təşkilatların bu münaqişədə aktiv şəkildə rol oynamasının vacibliyini bildirir.

Məqalədə, həmçinin Azərbaycanın tarixinə qısa nəzər salınır, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs edilir, 1920-ci ildə Azərbaycanın SSRİ tərəfindən işğal olunduğu, 1991-ci ildə isə bu ölkənin yenidən öz müstəqilliyini bərpa etdiyi vurğulanır. Müəllif Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşdiyinə toxunur, ölkənin şimal-cənub, şərq-qərb arasında dəhliz rolu oynamasının bu ölkəyə sadəcə regionda deyil, eləcə də dünya miqyasında böyük əhəmiyyət qazandırdığından bəhs edir. Azərbaycanın neft və qaz ilə zəngin olduğu və bu təbii sərvətlərin ölkə iqtisadiyyatının inkişafına təkan verdiyini bildirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: