İğdırda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən  Xocalı Soyqırımının 28-ci ildönümü münasibətiylə Türkiyənin İğdır vilayətində anım tədbiri təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu ilə İğdır-Azərbaycan dil, tarix və mədəniyyət həmrəyliyini yaşatma və dəstəkləmə dərnəyi, İğdır-Azərbaycan evi dərnəyi və Türkiyə Azərbaycan dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılılğı ilə Türkiyə Respublikasının İğdır vilayətində “Xocalıya Ədalət!” devizi altında anım mərasimi təşkil olunub.

İğdır vilayətində fəaliyyət göstərən mədəniyyət sarayında təşkil olunan tədbirdə İğdır vilayətinin rəsmi şəxsləri, İğdır universitetlərinin professor və müəllim heyəti, Ağrı və Qars Universitetindən dəvət olunmuş professorlar, dərnək başçıları, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV nümayəndələri, İğdır şəhərinin sakinləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhlarına dualar oxunaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edilib və Xocalı faciəsi barədə qısa film nümayiş olunub.

Tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmizin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni yaşadıldığını vurğulayan  Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı soyqırımı və onun törətdiyi fəsadlar, yaranma səbəbi və nəticələri ilə bağlı çıxış edib. Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın XX əsrin ən faciəvi soyqırımı olaraq tarixə keçdiyini qeyd edib. Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu , 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb.

Daha sonra   Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirin təşkilatçıları tərəfindən təşkil edilmiş hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsinin qalibləri müxtəlif növ hədiyyələrlə mükafatlandırılıb. İştirakçılar  günlə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: