Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu şəhərdə fəaliyyət göstərən tanınmış “Environmental Directions” radio proqramına Xocalı soyqırımına dair müsahibə verib.
Ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğundan NUHÇIXAN-a bildiriblər ki, müsahibədə N.Ağayev Qarabağın əzəli Azərbaycan torpağı olması, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışıb, BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalı pisləyən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistanın hələ də bu qətnamələrə və dünya birliyinin iradəsinə məhəl qoymadığını vurğulayıb.
Xocalı soyqırımı barədə geniş məlumat verən diplomat bu cinayəti törədənlərin hələ də cəzasız qaldıqlarını diqqətə çatdırıb. Baş konsul bildirib ki, ermənilər Xocalı soyqırımını nə qədər inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın bu səpkidə Xocalı qətliamı ilə bağlı etirafı diqqətə çatdırıb.
N.Ağayev 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırmının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Diplomat artıq 10-dan artıq dövlətin və ABŞ-ın 20-dən çox ştatının Xocalı qətliamını tanıdığını və rəsmi şəkildə pislədiyini vurğulayıb. Bundan başqa, o, ABŞ-da Xocalı soyqırımına dair amerikalı müəlliflər tərəfindən iki kitabın nəşr edildiyini, çoxlu sayda məqalənin dərc edildiyini, 2017-ci ildə Los-Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filminin istehsal olunduğunu bildirib.
N.Ağayev müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistanın bu gün monoetnik və təkdinli dövlətə çevrildiyini, qeyri-tolerantlığın, Azərbaycan ilə düşmənçiliyin, eləcə də anti-semitizmin gücləndiyini, hətta ABŞ-ın Anti-Defamasiya Liqasının rəy sorğusuna əsasən anti-semitizimin səviyyəsinə görə Ermənistanın (58 faiz) Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində, üçüncü dövlət olduğunu söyləyib. Vurğulanıb ki, Nasist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njde Ermənistanda milli qəhrəman hesab olunur və Yerevanın mərkəzində abidəsi ucaldılıb.
Sonda baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bu gün çətin bir bölgədə sabitlik və rifah adasına çevrildiyini, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində səylərin əzmlə davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 1977-ci ildə yaradılan həftəlik proqramın aparıcısı üç dəfə “Emmi” mükafatına namizəd olmuş məşhur jurnalist Nensi Perlmandır (Nancy Pearlman). Proqram Kaliforniya və ABŞ-ın digər qərb ştatlarında müxtəlif radio kanalları vasitəsilə geniş yayımlanır.