Şəhid olan sərhədçi əsgərimiz dəfn edilib - FOTOLAR
Azərbaycanın şəhid olan əsgəri Vəliyev İbrahim Ələmşah oğlu Zərdab rayonunda torpağa tapşırılıb.
İbrahim Vəliyev 2001-ci ilin avqustun 16-da Zərdab şəhərində Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini, məcburi köçkün Ələmşah Vəliyevin ailəsində anadan olub. 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsindən hərbi xidmətə çağırılıb. Sərhəd qoşunlarının Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində xidmət keçib.
NUHÇIXAN xəbər verir ki, şəhidin nəşi Gəlmə kəndindəki Şəhidlər qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə insan iştirak edib.
Şəhidin tabutunun büküldüyü üçrəngli Azərbaycan bayrağı atasına təqdim olunub, yayılım atəşi açılıb.
Çıxışlarda şəhidin qanının yerdə qalmayacağı, erməni qəsbkarlarına layiqli cavab veriləcəyi söylənilib.
Qeyd edək ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb. Ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.
Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.