Xocalı faciəsindən bəhs edən “Ağrı” romanı Monteneqro dilində çap olunub - FOTOLAR
Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənovun təşəbbüsü, Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə beynəlxalq münasibətlər üzrə tanınmış ekspert və politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun atası Əmir Qut ilə birlikdə Xocalı soyqırımı haqqında yazdığı “Ağrı” romanı monteneqro dilində nəşr olunub.
NUHÇIXAN xəbər verir ki, israilli müəlliflər Əmir və Arye Qutun “Ağrı” bədii – sənədli romanında 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında Ermənistanın terror siyasəti ifşa olunur. Romanın əsas qəhrəmanlarından biri Röya hələ uşaq ikən erməni terrorçuları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini görüb və onun qəlbində sağalmaz izlər qoyub. Üstündən illər keçməsinə baxmayaraq, bu dəhşətli günləri unuda bilməyən Röya həmin hadisələr barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni etməyə çalışır.
Roman indiyə qədər rus, ingilis və italyan dillərində çap olunub. Kitab, ermənilər tərəfindən törədilmiş bu dəhşətli soyqırım aktı haqqında Şərqi Avropa xalqlarının daha dolğun məlumatlandırılması məqsədilə tərcümə və nəşr olunub. Yaxın aylarda kitabın təqdimatının keçirilməsi və ölkənin elm, təhsil ocaqlarına, arxiv və kitabxanlarına paylanması nəzərdə tutulur.