İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib - FOTOLAR
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Müasir Dillər üzrə Milli Universiteti ilə birgə İslamabad şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Birlikdə sülh və insanlıq naminə. Etnik təmizləmə və soyqırımlarına son” adlı seminar keçirib.
NUHÇIXAN xəbər verir ki, tədbirin keçirildiyi salonun foyesində ermənilərin Xocalıda törətdiyi soyqırımını əks etdirən fotostendlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar nümayiş etdirilib.
Hər iki ölkənin dövlət himnləri səsləndikdən və Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış sənədli filmin nümayişindən sonra Müasir Dillər üzrə Milli Universitetin baş direktoru, ehtiyatda olan briqada generalı Muhəmməd İbrahim çıxış edərək seminarın Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində Pakistanın Azərbaycana verdiyi dəstəyin göstəricisi olduğunu söyləyib, etnik təmizləmələrə və soyqırımlarının baş verməsinə qarşı birlikdə mübarizə aparmağın önəmini vurğulayıb.
Tələbələri Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi iş yazmağa çağıran Bosniya və Herseqovinanın Pakistandakı səfiri Sakib Foriç həm milli, həm dünya tarixini öyrənməyin əhəmiyyətini qeyd edib. O, Bosniya və Herseqovina kimi Azərbaycanın da tarixən böyük dövlətlərin və müxtəlif ideologiyaların kəsişmə nöqtəsində yerləşdiyini, bu səbəbdən də çətin dövrdən keçdiyini bildirib, ermənilərin “böyük Ermənistan” qurmaq xəyallarını gerçəkləşdirmək üçün iddia etdiyi ərazilərdə yaşayan əhaliyə qarşı etnik təmizləmə və soyqırımı siyasəti apardığını söyləyib. S.Foriç Srebrenitsada boşnaklara qarşı törədilmiş soyqırımına da toxunub, Bosniya və Herseqovina parlamentinin Xocalı soyqırımını tanıdığını vurğulayıb, Azərbaycanın beynəlxalq aləmdə ədalət uğrunda mübarizəsini davam etdirməsini və belə seminarların təşkilinin bu istiqamətdə faydalı olacağını diqqətə çatdırıb.
Pakistanın nəzarətində olan Cəmmu və Kəşmirin sabiq prezidenti - ehtiyatda olan general-mayor Sərdar Muhəmməd Ənvər Xan münaqişələrlə bağlı fikirlərini bölüşüb, Kəşmir məsələsində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib, məsələnin tarixi aspektlərinə nəzər salıb.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə seminarın keçirilməsinin məqsədi barədə məlumat verib, ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirləri sitat gətirib: “Xocalı qətliamı erməni şovinist və millətçilərinin tarixboyu azərbaycanlılara qarşı 200 il ərzində törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin davamıdır”. Səfir deyib ki, İranda diplomat olaraq xidmət etdiyi zaman 1918-1920-ci illərdə ermənilərin Azərbaycan, İran və Türkiyə ərazilərində törətdiyi qətliam və soyqırımlarının orada yaşlı insanlar tərəfindən yaxşı xatırlandığını vurğulayıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütöv bir şəhərin yer üzündən silindiyini, işğal olunmuş Azərbaycan ərazilərində tarixi-dini abidələrin, məscidlərin dağıdıldığını söyləyib. Ə.Əlizadə Xocalı soyqırımını tarixdə baş vermiş digər soyqırımları ilə müqayisə edib. O, 2012-ci ildə Pakistan Senatının Xarici əlaqələr komitəsində, 2017-ci ildə isə Milli Assambleyanın Xarici işlər komitəsində Xocalı soyqırımının tanınması və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin pislənməsi ilə bağlı qəbul edilmiş qətnamələri xatırladaraq Pakistan xalqı və dövlətinə təşəkkür edib. Səfir həm Dağlıq Qarabağda, həm də Kəşmirdə tezliklə sülhün bərqərar olacağına ümid etdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğunu vurğulayıb.
Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyid bu il Xocalı soyqırımının 28-ci ildönümünün qeyd olunduğunu, Dağlıq Qarabağın hələ də Ermənistanın işğalı altında saxlanıldığını, BMT qətnamələrinə əməl olunmadığını bildirib. O, münaqişələrə eyni prinsiplərdən yanaşmanın zəruriliyini vurğulayıb, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılmasının zəruriliyini diqqətə çatdırıb. Senator Pakistanın Ermənistanı dövlət kimi tanımadığını, Azərbaycana tam dəstək verdiyini qeyd edib, bu dəstəyin davam edəcəyini bildirib, Kəşmir məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü çatdırıb.