Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.
NUHÇIXAN xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı aktı nəticəsində yüzlərlə insanın, o cümlədən yaşlıların, qadınların və uşaqların qətlə yetirildiyi, insanlıq tarixinin ən qanlı faciələrindən birinin baş verdiyi bildirilir.
Bəyanatda, həmçinin deyilir: “Beynəlxalq Türk Akademiyası olaraq Xocalı faciəsinin 28-ci ildönümündə qardaş Azərbaycan xalqının üzüntüsünü və kədərini bölüşür, bütün insanlığa qarşı yönəlmiş bu cinayət aktını lənətləyirik. Belə cinayətlərin bir daha baş verməməsi üçün beynəlxalq ictimaiyyəti bu vəhşiliyi qınamağa, baş verənlərə obyektiv qiymət verməyə çağırır, Azərbaycan dövlətinin başlatdığı “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasını dəstəkləyirik. Xocalıda qətlə yetirilən bütün insanları dərin hüznlə anır, Azərbaycan dövlətinə və xalqına başsağlığı veririk”.