Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR
Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
NUHÇIXAN xəbər verir ki, ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışda bildirilib ki, Xocalıda xalqımızın mərd övladlarının Vətən uğrunda ölümün gözünə dik baxaraq göstərdikləri rəşadətin hər biri qəhrəmanlıq salnaməsidir. İnsanlığın sınağa çəkildiyi bir vaxtda Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda gözünü qırpmadan canından keçmək Azərbaycan xalqının əyilməzliyinin təcəssümüdür.
Vurğulanıb ki, məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verilib. Bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Gün gələcək, Lələtəpə, Cocuq Mərcanlı, Günnüt, Qızılqaya zəfərinin sədaları bütün qədim Azərbaycan torpaqlarından, Azərbaycan əsgərinin addım səslərini eşitmək həsrətində olan yurd yerlərimizdən gələcək. İşğal altındakı torpaqlarımız tezliklə öz əzəli sahiblərinə qaytarılacaq və tarixi ədalət bərpa olunacaq.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Nərgiz uşaq bağçasının fidanları Xocalıya həsr olunmuş səhnəcikləri canlandırıb, şeirləri bədii qiraət edib və ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Sonda Xocalı soyqırımından və ordumuzun qüdrətindən bəhs edən videoçarx nümayiş olunub.
Kənan Cəlilov