Azərbaycan-İran sərhədləri müvəqqəti olaraq məhdudlaşdırıcı rejim əsasında bağlanır

A- A A+

Dünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 2020-ci il fevralın 29-da saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.

İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcək.

Azərbaycan Respublikası Dünya Səhiyyə Təşkilatı, dost və tərəfdaş dövlətlərlə koronavirus riski ilə əlaqədar təmasları və əməkdaşlığı davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: