Azərbaycan-BMT əlaqələrinin inkişafı davamlı xarakter daşıyır

A- A A+

1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu təşkilata üzv seçilmişdir. Təşkilatın 181-ci üzvü olan Azərbaycanın üçrəngli dövlət bayrağı həmin gün Nyu-Yorkda qaldırılmış, may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. Bu, Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması demək idi.

Azərbaycanın BMT ilə 28 illik əməkdaşlığı beynəlxalq sahədə bir sıra uğurların qazanılmasına yol açmışdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı BMT ilə əlaqələrin sistemli şəkildə qurulmasına imkan vermişdir. Belə ki, ölkəmizin bu qurumda təmsil olunmasını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdə demişdir: “Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan ­Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə fəxr edirik”.  Dahi şəxsiyyət bu nüfuzlu qurumun platformasından beynəlxalq ictimaiy­yətin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır. 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da ulu öndər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir. Ölkə­mizin təşəbbüsləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş və bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını bir daha təsdiq edərək, işğalçı qüvvələrin ölkə ərazisindən dərhal çıxarılması tələbini irəli sürmüşdür. Təəssüf ki, həmin qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunu layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyev BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayaraq onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını irəli sürmüşdür. Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra Baş Məclisin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilmişdir. 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək vermiş, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Dövlət başçısı 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərək təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltmişdir. Ölkə rəhbəri Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini, işğal zamanı xalqımıza məxsus tarixi və mədəni abidələrin vəhşicəsinə dağıdıldığını bildirmişdir. BMT Baş Assambleyasının 2017-ci il sentyabrın 20-də Nyu-Yorkda keçirilmiş 72-ci sessiyasında dövlət başçısının dərin məzmunlu çıxışı da xarici siyasət sahəsində dövlətimizin prinsipial mövqeyini və prioritetlərini növbəti dəfə dünyaya nümayiş etdirmişdir.

Azərbaycan həqiqətlərinin dünya birliyinə tanıdılmasında yüksək tribuna rolunu oynayan BMT ilə əlaqələrin inkişafında son onillikdə daha böyük uğurlar əldə olunmuşdur. 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2011-ci ilin oktyabrında keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycanın 155 səs toplaması, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə kimi tarixə düşməsi bunu bir daha təsdiq edir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Ölkəmiz 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik etmişdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələ­lərin gündəliyə çıxarılmasına nail olmuşdur.

Azərbaycan həm də BMT-nin müxtəlif orqanları – Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsi, İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı Sənaye İnkişaf ­Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatı ilə əlaqələr yaratmışdır. Müxtəlif sahələri əhatə edən əməkdaşlıq fəaliyyəti 2019-cu ildə də davam etdirilmişdir. Ötən il BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı uğurla təqdim olunmuş və iştirakçı ölkələrin, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilmişdir.

BMT-nin Naxçıvan Muxtar Respublikası ilə əlaqələri də davamlı xarakter daşıyır. Belə ki, 1997-ci ilin mayında Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində burada görüşlər keçirilmiş, muxtar respublikanın blokada şəraiti, iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən işlər və digər məsələlər barədə müzakirələr aparılmışdır. BMT nümayəndələri 2013-cü ilin may ayında muxtar respublikaya növbəti səfər etmişlər. Ötən dövrdə muxtar respublikada Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Kənd İnvestisiya Proqramı üzrə layihələri icra olunmuşdur. 2016-cı il mayın 12-15-də Naxçıvan Dövlət Universitetində “BMT Modeli” konfransı keçirilmiş, 2017-ci ilin oktyabrında Naxçıvan Biznes Mərkəzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsinin iştirakı ilə “Sığınacaqla bağlı müraciətlərin yönləndirilməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda regional təlim təşkil olunmuşdur. 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla yerinə yetirməsi həm də BMT-nin dünyada sülhün və təhlükəsizliyin təmin olunması işinə töhfə kimi dəyərləndirilmişdir. 2019-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olmuşdur. Həmçinin Naxçıvan Biznes Mərkəzində əsas icraçı tərəfdaşı BMT-nin İnkişaf Proqramı olan və Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin konfransı olmuşdur. Ümumilikdə, indiyədək BMT tərəfindən muxtar respublikada çoxsaylı layihələr həyata keçirilmişdir.

BMT ilə Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmizin hərtərəfli inkişafı beynəlxalq qurumun diqqət mərkəzindədir. Bu gün Azərbaycanın BMT-də nüfuzlu ölkə kimi qəbul olunması da ölkəmizin ötən dövrdə üzv dövlətlər tərəfindən layiqli və etibarlı tərəfdaş kimi tanınmasının nəticəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: