Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub - FOTOLAR

A- A A+
İyunun 21-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının 2018-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. NUHÇIXAN xəbər verir ki, mərasimdə Ali Hərbi Məktəbin, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müdafiə Nazirliyinin nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əlamətdar gün münasibətilə müdavimlərə və onların valideynlərinə təbriklərini çatdırıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu vurğulayan nazir qeyd edib: “Ordumuzun gücünü artıran əsas amillərdən biri də savadlı və bacarıqlı zabitlərin olmasıdır. Prezident, Ali Baş Komandan İlham Əliyev zabitlərimizə xüsusi qayğı göstərir. Bu qayğının nəticəsidir ki, bir neçə gündən sonra 500-dən çox zabitimiz mənzillərlə təmin olunacaq”. Zakir Həsənov bildirib ki, hərbi qulluqçularımız öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Aprel döyüşləri və bir müddət əvvəl Naxçıvanda həyata keçirilən əməliyyatlar onu göstərdi ki, Ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir. Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib. Sonda kursantlar hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: