Heydər Əliyev adına Hərbi Lisey 22 yaşında - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev adına Hərbi Liseyin yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında müstəqil hərbi lisey fəaliyyət göstərməyə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə hərbi lisey yarandığı gündən indiyədək mühüm təşkilatlanma və inkişaf yolu keçərək möhkəm maddi-texniki bazaya malik nümunəvi hərbi təhsil müəssisəsinə çevrilib. Hazırda hərbi liseyin 3 mindən çox məzunu müxtəlif qoşun növlərində şərəflə xidmət edirlər.
Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.
Kənan Cəlilov