Martın 14-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışında səsləndirdiyi məqamları bir daha müşavirə iştirakçılarına xatırladan Müdafiə naziri dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra tapşırıqları diqqətə çatdırıb.
General-polkovnik Z.Həsənov müşavirədə şəxsi heyətin Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət, milli-mənəvi dəyərlər, vətənpərvərlik, milli köklərə bağlılıq və döyüş ruhunda tərbiyə edilməsinin, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Cəbhədəki əməliyyat şəraitini təhlil edən Müdafiə naziri düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.
Cari ayın əvvəlində Azərbaycan Ordusunda keçirilmiş genişmiqyaslı komanda-qərargah təlimlərinin nəticələri barədə danışan nazir döyüş hazırlığı tədbirlərində ən müasir idarəetmə üsullarından istifadənin əhəmiyyətini qeyd edib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıqların alınması bundan sonra da davam etdiriləcək.
Müdafiə naziri bütün hərbi hissə və bölmələrdə silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi, hərbi obyektlərin hazırlığının, o cümlədən qış mövsümündən sonra müdafiə zolağı və mühəndis qurğularının vəziyyəti ilə maraqlanıb və müvafiq göstərişlər verib.
Mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib. Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.
Müşavirənin sonunda Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlar verib.