XİN: Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in yenidən tarix və demokratiya məsələlərində Azərbaycana qarşı ittihamlarla bağlı açıqlamasına münasibət bildirib.
NUHÇIXAN xəbər verir ki, Leyla Abdullayeva deyib: “Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana qarşı hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur. Bu, utanmazlığın və ikiüzlülüyün yüksək həddidir. Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbirini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə günahsız mülki şəxsin ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsası var. Ermənistanın beynəlxalq humanitar hüququn əsas normalarını və çoxsaylı beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinin vacibliyi beynəlxalq ictimaiyyətə yaxşı bəllidir.
Ermənistan XİN-in bizi hörmətcil tonun olmamasında ittiham etməyə cəhd göstərməsinə gəldikdə isə vurğulamaq istərdik ki, qarşı tərəfdə hörmətə layiq və ciddi subyekt olduğu təqdirdə tonumuz da hörmətcil olacaq”.