Azərbaycan Xarici İşlər Nazirliyi koronavirusla əlaqədar vətəndaşlara müraciət edib

A- A A+

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi koronavirus infeksiyası ilə əlaqədar vətəndaşlara müraciət edib.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, müraciətdə deyilir: Əziz həmvətənlərimiz, bildiyiniz kimi, dünyada COVID-19 virusu yayılmağa başladığı andan Azərbaycan Prezidentinin rəhbərliyi ilə hökumətimiz sistemli şəkildə qabaqlayıcı və qoruyucu tədbirlər həyata keçirir, bununla yanaşı, insanlar mütəmadi məlumatlandırılır.

Öz növbəmizdə, biz də vətəndaş məsuliyyətimizi anlamalı və həm özümüzə, həm də ətrafımıza qarşı diqqət göstərərək evlərimizdə qalmalı və yalnız zərurət yarandığında digər insanlarla kontakta getməliyik.

Vətəndaşların dərs və işinin müvəqqəti dayandırılmasının insanlararası təmasın minimuma endirilməsinə şərait yaratmasına baxmayaraq, yenə də bəzi vətəndaşlarımız bayram süfrələri təşkil edir, kütləvi olaraq bir yerə toplaşır, biri-birinə qonaq gedirlər. Qohum, tanış fərqi olmadan hər bir təmasın potensial yoluxma vasitəsi olduğunu unutmayaq və bu dövr ərzində qərar və qaydalara ciddi riayət edək.

COVID-19 virusuna qarşı ən həssas yaşlı və xroniki xəstələrlə münasibətdə daha diqqətli olaraq onların bizlər daxil olmaqla digər insanlarla təmasını azaltmaq zəruridir.

Təşvişə ehtiyac yoxdur, lakin dövlətimizə, eləcə də bizim üçün 7/24 çalışan insanlara dəstək olaraq tədbirli davranmaq və özünütəcrid qaydalarına uyğun olaraq evdə qalmaq vacib və mütləqdir.
Xarici ölkələrdəki vətəndaşlararımızın da hazırda olduqları ölkələrin müəyyən etdiyi karantin qaydalarına riayət etməsi vacibdir.

Xaricdən qayıdan bütün Azərbaycan vətəndaşları 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiyanın elan olunduğu bir vaxtda məlum olduğu kimi, dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib.

İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlarımıza səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: