Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

A- A A+

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın prezidenti Rik Daemsə məktub göndərib.

NUHÇIXAN xəbər verir ki, AŞPA məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya kəskin etiraz bildirilən məktubda deyilir:

- Hörmətli cənab prezident, Azərbaycan hökumətinin atdığı müsbət addımlara cavab olaraq AŞPA məruzəçilərinin qarşıdurma, əsassız ittihamlar, açıq yalanlar və təhdidlər yolunu seçməsi bizi olduqca narahat və məyus edir.

Bütün məsuliyyətimlə bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt məruzəçilərin altından imza atdıqları öz müraciətlərində nümayiş etdirdikləri ünsiyyət tonunu, üsulunu və yolunu qəbul etmir və qəbul etməyəcəkdir.

Hörmətli cənab prezident, bu yaxınlarda Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib və xalq tərəfindən seçilən müxalifət nümayəndələri ilk dəfə olaraq Milli Məclisdə rəhbər vəzifələrə seçiliblər. Bu təşəbbüsü göstərən parlamentin ilk iclasının açılışında çıxış edən məhz ölkə Prezidenti olub. Novruz bayramı münasibətilə xalqa müraciətində isə o, bir daha istisnasız olaraq bütün siyasi partiyaları və ictimai hərəkatları dialoq və əməkdaşlığa dəvət edib. Bu gün parlamentdə vitse-spiker, komitə sədri, komitə sədrlərinin müavinləri arasında müxalifətin nümayəndələri mövcuddur. Parlamentə daxil olmayan müxalifət partiyaları isə ölkə Prezidentinin təşəbbüsü ilə ümummilli dialoqa dəvət ediliblər. Bu dəvət, istisnasız olaraq, bütün siyasi partiyalara və ictimai birliklərə şamil olunub və yalnız bir qrup marjinaldan başqa hər kəs tərəfindən qəbul edilib. Əməkdaşlıq və milli barışıq ruhunu rəhbər tutaraq hökumət rəsmi şəkildə və dəfələrlə imtina edənlərə müraciət etsə də, hər dəfə rədd cavabı alıb.

Hörmətli cənab prezident, COVID-19 pandemiyası şəraitində Azərbaycan əhalini infeksiyadan qorumaq üçün bütün dövlət strukturlarının şəffaf və ardıcıl işini nümayiş etdirib və nümayiş etdirməkdə davam edir. Bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilir və həmin təşkilat tərəfindən müsbət qiymətləndirilir. Bu cür fövqəladə vəziyyətdə yalnız tamamilə dardüşüncəli və hətta deyərdim ki, xalq əleyhinə düşünən ünsürlər bu addımları müxalifətə təzyiq kimi qəbul edə bilər. Düşünürəm ki, onlar bu gün Azərbaycanda, İtaliyada, İspaniyada və digər Avropa ölkələrində baş verən faciənin təkrarını görmək istəyirlər ki, sonradan özlərinin dar partiya və xalq əleyhinə olan maraqlarına əsaslanaraq hökuməti və Prezidentimizi günahlandırsınlar. Biz buna heç vaxt yol verməyəcəyik, xalqla birgə, partiya üzvləri və bitərəflər, iqtidar və müxalifət nümayəndələri ilə birlikdə sona qədər siyasi baxışlardan və şəxsi maraqlardan asılı olmayaraq, bu savaşda görünməz düşmənin qarşısında durmaq və ona qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Əgər kimsə xalqın başına gələn bu bəla və müsibətli vəziyyətdən sui-istifadə edərək Avropa Şurasının “demokratik dəstəyindən” istifadə etməklə ölkə daxilindəki vəziyyəti gərginləşdirmək istəsə, Azərbaycan xalqının qınağını qazanmaqla yanaşı, qanun qarşısında da ən sərt şəkildə cavab verəcəkdir.

Hörmətli cənab prezident, Sizə bu yaxınlarda yazdığım məktubda Əfqan Muxtarlının sərbəst buraxıldığını bildirmişdim. Bu gün epidemioloji vəziyyətlə əlaqədar yüzlərlə məhkum azadlığa buraxılır və Tofiq Yaqublunun həbsini siyasi əsaslı bir addım kimi təqdim etmək cəhdi heç bir məntiqə sığmır. Yol qəzasından sonra münasibətləri aydınlaşdırarkən o, kobud şəkildə təhqir və əl-qol hərəkətləri ilə bir ailəyə hücum edib və indi qanun qarşısında cavab verəcək. Çox təəssüf ki, məruzəçilər bu məsələni bizimlə müzakirə etmədən, Strasburqdakı nümayəndəliyimizdən rəsmi məlumat almadan, ölkənin müvafiq strukturları ilə əvvəlcədən məsləhətləşmədən, qeyri-müəyyən və bilinməyən mənbələrdən alınan məlumatlara əsaslanaraq tamamilə yanlış nəticələr çıxarırlar.

Hörməli cənab prezident, bizi bu cür təzyiqlərdən, nəinki münasibətlərimizə, eyni zamanda, Avropa Şurasının özünə də xələl gətirən AŞPA-nın məlumatları kobud və özünə yaraşmayan şəkildə manipulyasiya etməsindən qorumağınızı Sizdən xahiş edirəm. Əminəm ki, bu gün bəzi həmkarlarımızın beyinlərində ölkəmə olan nifrət virusu müalicəsini mütləq birlikdə tapacağımız COVID-19 virusundan daha dəhşətlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: