Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq
Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi planlaşdırılan qondarma “prezident və parlament” seçkiləri Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd olan mövcud rejimin birtərəfli qaydada qanuniləşdirilməsi cəhdinin bir nümunəsidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələri də daxil olmaqla beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.
Açıqlamada deyilir: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsindəki görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta “seçkilər” təşkil olunması sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrikdir. ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyəti bu “seçkiləri” tanımamağa çağırırıq.
Türkiyə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkiləri” tanımır. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli həll axtarılması cəhdlərini dəstəkləməkdə davam edəcək”.