31 Mart - Azərbaycanlıların Soyqırım Günüdür

Azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin əsas mahiyyəti və pərdəarxası

A- A A+

Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırım siyasətinin iki yüz ildən artıq tarixi vardır. İki əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdı. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törədikləri soyqrımların mahiyyəti tam açılmış, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Dahi şəxsiyyət torpaqlarımızın işğalının qarşısını almış, güclü dövlət və güclü ordu yaratmış, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşası istiqamətində tədbirlər görmüşdür. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil olunmuş, 31 Martın Azərbaycanlıların soyqırımı kimi qeyd olunması qərara alınmışdır. Həmin Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisənin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Respublikası bu gün soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında 2018-ci il 18 yanvar tarixli Sərəncamında qeyd olunur ki: “Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnaq-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmişlər...”.

İnkaredilməz həqiqətdir ki, tarixən hər bir böyük güc öz imperialist siyasətini həyata keçirərkən müxtəlif bəhanələrdən və amillərdən istifadə etmişdir.  “Böyük Ermənistan” vədi ilə qızışdırılan ermənilər aldığı silah-sursat və maddi qaynaqlarla təşkilatlanır, təlimatlandırılır və genişmiqyaslı cinayət hadisələrinə imza atırdılar. O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda ermənilərin Çar Rusiyasının yardımı ilə soyqırımı gerçəkləşdirdiklərini sübut edir. Hələ XX əsrin əvvəllərində çarizmin Qafqazdakı canişini qraf Vorontsov-Daşkov çar II Nikolaya yazdığı məktubunda “münaqişənin başlanması üçün kiçik bir bəhanənin kifayət edəcəyini” bildirmişdi. Amerikalı alim Castin Makkarti isə münaqişənin hansı səbəblərdən ortaya çıxması ilə bağlı yazır ki, çar Rusiyası hər iki millət arasında baş verən münaqişəni öz maraqları baxımından faydalı görürdü. Tarixi sənədlərdə erməni daşnakları ilə birlikdə çar məmurlarının da milli münaqişəni bilavasitə qızışdırdıqları, evlərin, mağazaların talan edilməsində, qətliamların törədilməsində birbaşa rol oynadıqları yer almaqdadır.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı milli qırğın 1905-ci il fevral ayının ilk ongünlüyündə Bakıdan başlandı və tezliklə Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvana da yayıldı və getdikcə şiddətləndi. Naxçıvandakı qırğın daşnakların və çar məmurlarının təhrikləri nəticəsində baş verdi. 1905-ci il hadisələrinin şahidi olan M.S.Ordubadi “Qanlı illər” adlı əsərində münaqişənin ortaya çıxmasının səbəblərini belə izah edir: 1) Erməni Daşnaksütyun komitəsinin müstəbid idarə üsulunu təşkil etməsi, qızışdırıcı mövqe tutması; 2) Məhəlli hökumət məmurlarının etinasızlığı və Çar üsul-idarəsinin ikili oyunu; 3) Müsəlman əhalinin elmsizliyi və baş verən siyasi hadisələrdən bixəbər olması və 4) Ermənilərin avtonomiya – idarə muxtariyyəti həvəsində olmaları.

Ermənilərin türkə olan nifrət psixologiyası 1905-1907-ci illərlə məhdudlaşmamış, 1918-ci ildə də davam etmişdir. Məhz bunun nəticəsidir ki, Mart soyqırımı olaraq tarixə keçən 1918-ci il hadisələrində hədsiz sayda insan erməni zülmünün qurbanı olmuşdur. 1918-ci il mart ayının 30-da Bakı Sovetinin rəhbərlik etdiyi bolşevik-daşnak hərbi dəstələri Bakı şəhərində türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirməyə başladı. Üç gün davam edən Bakı qırğınları zamanı əksinqilabçı və müsavatçı adı ilə 12 min nəfər dinc əhali amansızlıqla qətlə yetirildi. Bolşevik-daşnak qüvvələri tərəfindən o dövrün gözəl memarlıq abidəsi olan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası, Şərqin ilk teatrı olan “Tağıyev teatrı”, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı və “Təzə pir” məscidi dağıdıldı. Bununla da sadəcə insanlar soyqırımına məruz qalmadı, Türk və İslam mədəniyyət mərkəzləri, tarixi abidələr də yox edildi.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Milli hökumət erməni-daşnak qüvvələrinin Bakıda və Azərbaycanın digər bölgələrində törətdiyi cinayətləri araşdırmaq üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Həmin komissiya törədilən qətliamlara aid sənədlər topladı. Bu sənədlər toplusu 36 cilddən ibarət idi.

Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda eyni ssenari ilə əhali ağır işgəncələrlə qətlə yetirilirdi. Dro, Njde, Hamazasp, Yapon, Andranik kimi cəlladlar Azərbaycan xalqının qanına susamışdılar. Naxçıvanda baş verən cinayətlər haqqında isə xüsusilə bəhs etmək lazımdır. Bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi müəyyən səbəblərdən və çətinliklərdən Naxçıvana lazımi dəstək verə bilmirdi. Naxçıvan əhalisi özü ermənilərə müqavimət göstərir, hətta erməni silahlılarını məğlub edirdilər. Ancaq bununla birlikdə, ermənilər tərəfindən törədilən cinayətlər Naxçıvandan da yan keçmədi. 

Bu illərdə Azərbaycandan ayrı düşmüş Naxçıvana yiyələnmək üçün daşnaklar yerli əhaliyə qarşı vəhşiliklər törədir, onları öldürür, yaşayış məntəqələrini yandırır və ərazini azərbaycanlılardan boşaltmağa çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədənlər içərisində Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər cəlladların başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Onlar təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoymuş, əhalisini isə amansızlıqla qətlə yetirmişdir. Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərmiş Müsəlman Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Əliyev hadisələrin, erməni vəhşiliklərinin bilavasitə şahidi olmuş və onları qələmə almışdır. Onun “Qanlı günlərimiz” əsərindən – gündəlik qeydlərindən aydın olur ki, 1918-1921-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 74 min azərbaycanlı ən vəhşi üsullarla öldürülmüşdür. Naxçıvanda o zaman ilk soyqırımı Culfa rayonunun Yaycı kəndində törətmişlər. Erməni qaniçənlər Araz çayı sahilindəki 4 minə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan etmiş, kənd əhalisinin 2000-2500-nü qətlə yetirmiş və Araz çayına tökmüşdü. Cəsədlərin sayı o qədər çox idi ki, böyük bir qəbiristanlıq yaranmışdı. O vaxtdan bu, Yaycı qəbiristanlığı olaraq tarixə düşmüşdür. Həmin vaxt Nehrəm ətrafında rüsvaycasına məğlub edilmiş Andranikin dəstələri geri qaçmağa məcbur olmuşdu. Ordubada doğru irəliləyən Andranik qarşısına çıxan kəndləri dağıda-dağıda bu məsafədə 2 min azərbaycanlını öldürmüşdür. Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərksilah olunmuş, xeyli hissəsi qətlə yetirilmişdir. Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.

Arxiv materiallarında ermənilərin, xüsusilə də Andranik Ozanyanın silahlı dəstələrinin İrəvan əyalətində 200-dən çox, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində də 50-dən çox müsəlman kəndlərinə silahlı hücumlar təşkil etdiklərinə, kənd əhalisinin böyük əksəriyyətinin qətlə yetirildiyinə dair məlumatlar yer almaqdadır.

Tarixi sənədlərdə Şərur bölgəsinə bağlı 45 kəndin də erməni komitəçilərinin hücumuna məruz qaldığı və əhalisinin də Araz çayına atılması ilə bağlı məsələlər göstərilir. Müsəlmanlar tərəfindən ələ keçirilən ermənilər Naxçıvanda və onun bütün kəndlərində türklərin qətlə yetirilicəkləri və hamısının Araz çayına atılacaqlarına dair əmr aldıqlarını etiraf etmişdilər. Erməni dəstələrinə yazılı olaraq göndərilən əmrdə deyilir: “Şərur əhalisini Araz çayına atmaq üçüncü alay komandanlığının əsas vəzifəsidir”. Digər bir fakt: Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurlarının silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirildi. Bu vaxt Duzdağ tərəfdən açılan top səslərini Andranik eşitməsəydi, orada bir nəfər də sağ qalmayacaqdı. Bu elə bir cinayət idi ki, mənbələrin verdiyi məlumata görə, 20 gün ərzində kənd içərisində bir-birinin üstünə qalanmış meyitləri daşıyıb qurtarmaq mümkün olmurdu.

Andranikin dəstəsi Naxçıvan və onun ətraf kəndlərində törətdiyi vəhşiliklərdən sonra Şuşayadək Azərbaycan kəndlərini oda yaxıb viran qoymuş, sonra Dərələyəzə qayıtmış, Keşişkənddə Yapon adlı digər erməni daşnakı ilə birləşərək Çivə kəndinə hərəkət etmiş, yolüstü Əmov kəndində qırğın təşkil etmişdir. O, Şərur rayonunun Danzik, Dizə kəndlərinə də hücum etmək istəmiş, lakin məğlub olmuşdu. Andranik bu məğlubiyyətin əvəzini Qarağacda və Şabili kəndlərini yandırıb əhaliyə divan tutmaqla çıxır. Törətdiyi qırğınların miqyası o qədər böyük idi ki, Andranik öz qanlı cinayətləri ilə artıq Naxçıvanı öz hakimiyyətinə tabe etdiyini düşünürdü. Onun məqsədi Şuşadan başlamış Aralıq dənizinədək uzanan əraziləri nəzarət altına almaq idi. Bu minvalla Azərbaycan və Türkiyənin 6 əyaləti Böyük Ermənistanın tərkibinə daxil olmalı, yəni “dənizdən dənizə” terrorçu, hərbiləşdirilmiş Daşnak Partiyasının ruhuna uyğun hökumət yaradılmalı idi. 

1915-1921-ci illər arasında Cənubi Azərbaycanda ingilislərin və rusların təşviqi ilə təşkilatlanan və silahlanan erməni ordusunun qətlə yetirdiyi insanların sayı 90 mindən çox idi. Bütün bunlarla yanaşı, naxçıvanlılar mərdliklə döyüşmüş, Naxçıvanın erməni işğalına düşməsinə yol verməmişlər. Bununla əlaqədar 20 tabor yaradılmış, onlar silahlandırılmış, üçüncü Kalbalı xanın başçılığı ilə 500 nəfərdən ibarət süvari dəstə böyük rəşadət göstərmişdir. Onlar erməni daşnaklarına dəfələrlə layiqli cavab vermiş, ərazidən qovmuşlar. Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski parlamentin iclasında  Naxçıvanın qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. Arxiv sənədlərindən məlum olur ki, o dövrdə Naxçıvanda 6 minədək üzvdən ibarət silahlı dəstə olmuşdur. Onlar döyüş keyfiyyətlərinə görə, ingilislərin də təsdiq etdiyi kimi, erməni qoşun hissələrindən heç də geri qalmırdı. Ermənistanın birinci baş naziri Ovanes Kaçaznuni 1923-cü ildə etiraf etmişdi ki, "...inzibati tədbirlərlə müsəlman rayonlarında qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın salmağa məcbur olduq və hətta uğursuzluğa uğradıq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ikinci sоyqırımı həm miqyası, həm də vəhşiliyi etibarı ilə bəşəriyyət tarixində ən qanlı cinayətdir. Onun mahiyyətini başa düşmək üçün faktlara diqqət yetirmək kifayətdir: Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İqdırda 60, Vedibasarda 118 Azərbaycan kəndi tamamilə dağıdılmış, əhalisinin əksəriyyəti öldürülmüşdü. O dövrdə azərbaycanlıların yaşadıqları еlə bir ərazi yоx idi ki, оrada еrməni talanı və vəhşiliyi həyata keçirilməsin. Bu illərdə Azərbaycandan ayrı düşmüş Naxçıvanda da soyqırımlar törədilmişdir. Arxiv sənədlərindən aydın olur ki, 1910-cu ildə Naxçıvanda 146 min nəfər əhali yaşayırdısa, 1921-ci ildə burada yaşayanların sayı 74 min azalaraq 72 min nəfər olmuşdu. Azərbaycanın Ədliyyə Komissarı, görkəmli diplomat Behbud ağa Şahtaxtinski Azərbaycan İnqilab Komitəsinin 1921-ci il 19 aprel tarixli iclasında Naxçıvandakı vəziyyətə dair çıxışında bildirirdi ki, ermənilər Naxçıvan, Ordubad və Şərur-Dərələyizdə 240 kəndi dağıdaraq xarabalığa çevirmiş, əhalisini öldürmüş, əmlaklarını qarət etmişlər”.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: