Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi

A- A A+

Ölkəmizin işğal olunmuş ərazilərində qondarma “seçkilər”in keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz mövqeyini ifadə edib. Bu məsələ ilə əlaqədar təcavüzkar Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatı ilə tanış olarkən istər-istəməz qəhrəmanı öz xəyal və təxəyyül dünyasına düşən “Alisa güzgü arxasında” nağılı yada düşür. Reallıqda isə həqiqət tamamilə fərqlidir və beynəlxalq ictimaiyyətə yaxşı bəllidir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva deyib ki, martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının hərbi işğalının davam etdiyi, eləcə də etnik təmizləmə nəticəsində yüz minlərlə azərbaycanlının öz doğma evlərindən zor gücünə didərgin salındığı, işğal olunmuş ərazilərin yerli azərbaycanlı əhalisinin fundamental insan hüquqlarının pozulduğu bir vəziyyətdə Ermənistan Respublikası tərəfindən təşkil olunan bu qanunsuz fəaliyyətə başqa cür münasibət ola da bilməz. Seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq standartların, o cümlədən ATƏT-in tələblərinə uyğun olaraq, hər hansı ölkədə seçkilər həmin dövlətin Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq keçirilməlidir. Ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını pozur və bu baxımdan hər hansı hüquqi qüvvəsi yoxdur.

XİN rəsmisi vurğulayıb ki, beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, GUAM, Türk Şurası, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri, çoxsaylı dövlətlər bu qondarma “seçkilər”i pisləyən və onların hər hansı hüquqi əsasının olmadığını vurğulayan bəyanatlarla çıxış etdilər. Bu təşkilatların və dövlətlərin hər birinə öz prinsipial mövqelərini bir daha ifadə etdiklərinə, Ermənistana “ərazilərin zor gücünə əldə edilməsi legitim ola bilməz, torpaqların işğalı beynəlxalq tanınma əldə etmək və ya hüquqi statusun dəyişdirilməsini qəbul etdirmək üçün istifadə oluna bilməz” ismarıcını verdiyinə görə təşəkkür edirik.

“Ermənistan hələ də dərk etmir ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı onun arzu etdiyi siyasi nəticəni verməyəcək. Dağlıq Qarabağda uydurma “seçkilər”i təşkil etməklə və bu ximeraya öz büdcəsindən heç də az olmayan maliyyə sərf etməklə Ermənistan nə əldə etdi? Hələ də davam edən hərbi işğal və etnik təmizləmənin mövcudluğu şəraitində “demokratiya”dan dəm vurmaq insuniasiya və özünü aldatmaqdan başqa bir şey deyil. Yeri gəlmişkən, Ermənistan XİN-in Dağlıq Qarabağdakı qondarma “seçkilər”lə bağlı ayrıca bəyanatla çıxış etməsi faktı bir daha Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirak etməsinə ehtiyac olmadığını sübut edir. Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası ərazisində seçkilər ölkə Konstitusiyasına uyğun olaraq keçirilir və bu ali qanuna zidd olaraq təşkil edilən hər hansı akt legitim deyil və ola da bilməz” , - deyə Leyla Abdullayeva bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: