Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-cü ildönümü ilə bağlı bəyanat yayıb

A- A A+

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.

NUHÇIXAN xəbər verir ki, bəyanatda deyilir: “1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib. İşğal zamanı Ermənistanın ağır artilleriyası, “Mi-24” helikopterləri və hərbi təyyarələri istifadə edilib.

İşğal nəticəsində 60 minədək Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70 mini ötən Kəlbəcər sakinləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan monastırların orijinal memarlıq xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib. Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT Təhlükəsizlik Şurası ərazi əldə etmək üçün gücdən istifadənin qəbuledilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin işğal olunmuş Kəlbəcər rayonundan və digər rayonlardan dərhal çıxarılmasını tələb edib. Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırladı. Lakin Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymur.

2016-cı il aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, təcavüzkar ölkənin Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Silahlı Qüvvələrimizin əks-həmlə tədbirləri nəticəsində Azərbaycanın mülki əhalisinin təhlükəsizliyi təmin olundu və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi”.

Bəyanatda, həmçinin qeyd olunur: “Təcavüzkar ölkə dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə məsuliyyəti Ermənistan Respublikası daşıyır və əvvəl-axır işğalçı ölkə bu qanunsuz əməllərinə görə cavab verəcəkdir.

Ermənistan tərəfi təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə, habelə Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını tələb edən BMT qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına əməl etməlidir”.

Sənəddə vurğulanır ki, davamlı sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: