Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
MTRŞ-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb.
“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.
Qeyd edək ki, İ.Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirmiş, 2002-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2000-2004-cü illərdə bank sektorunda çalışmış, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.
2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra etmiş, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub.
19.09.2016-cı il tarixindən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il sərəncamı ilə İsmət Səttarov 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
Evlidir, bir övladı var.
Xatrıladaq ki, bundan əvvəl Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov olub. O, 2003-cü ildən bu vəzifədə çalışırdı.