“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”- xəbərləri dünya mətbuatında da yer alıb - FOTOLAR
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-xəbərələri dünya mətbuatında da yer alıb
NUHÇIXAN xəbər verir ki, bu il iyunun 20-də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirinin möhtəşəm şəkildə qeyd edilməsi dünya mətbuatında da işıqlandırılıb. Muxtar respublikada islami dəyərlərə verilən qiymət, türk-islam abidələrinin xüsusi qayğı ilə əhatə olunması, insanların sosial rifahına xidmət edən layihələrin reallaşması əsas mövzu kimi təqdim edilib. İSESKO-nun rəsmi saytı olan isesco.org.da ingilis dilində bir neçə xəbər yer alıb.
Saytda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri İSESKO-nun baş direktorunu qəbul edib” başlıqlı xəbər yerləşdirilib. Yazıda deyilir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İSESKO-nun baş dierektoru Əbdüləziz əl-Tüveycrini qəbul edib. Görüş zamanı Ali Məclisin Sədri Əl-Tüveycriyə öz fəaliyyətində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla təmsil etdiyi təşkilatın arasında əlaqələrin möhkəmlənməsində gördüyü işlərlə bağlı təşəkkür edib. Əl-Tüveycri də öz növbəsində cənab Vasif Talıbova tədbirin bu cür geniş və əhatəli şəkildə qeyd edilməsində göstərdiyi xüsusi diqqətə və qayğıya görə öz minnətdarlığını bildirib”.
Saytda eyni zamanda Ali Məclis Sədrinin İSESKO-nun baş direktoru ilə görüşü zamanı çəkilən şəkillər də yer alıb.
Başqa bir yazıda isə “Naxçıvan islam mədəniyyətinin paytaxtı-2018” tədbirinin qeyd edilməsində İSESKO-nun direktoru Əbdüləziz Osman əl-Tüveycrinin etdiyi çıxışın tam mətni yerləşdirilib. O qeyd edib: “İslam mədəniyyətinin paytaxtı layihəsi bütün dünyada sülhün bərqərar olması üçün mədəni sabitliyə, qarşılıqlı ehtirama və anlaşmaya yönəlib”. Sonra İSESKO-nun baş direktorunun bu möhtəşəm tədbirdə olmaqdan və Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsindən böyük məmnuniyyət hissi duyduğu bildirilir: “İlk növbədə, mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim. O, öz ölkəsinə və eyni zamanda İslam təşəbbüslərinə böyük dəstək verir. Həmçinin səmimi qəlbdən və ürəkdən minnətdarlıq hissi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova da çox sağ ol demək istərdim. Bu cür mükəmməl təşkilatçılıq, təbii ki, danılmazdır”- baş direktorun bu fikirləri də yazıda yer alıb.
Bundan başqa “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirinin qeyd edilməsi ilə bağlı Asiya və Sakit Okean Xəbər Agentlikləri- OANA da geniş məlumat yayıb. ““Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirinin təntənəli açılışı” başlıqlı yazıda AZƏRTAC İnformasiya Agentliyinə istinadən xəbər verilir ki, Naxçıvana bu məqsədlə gələn qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Heydər Əliyev muzeyi ilə tanışlıq olub. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İSESKO-nun baş direktoru Əbdüləziz əl Tüveycriyə Naxçıvanda yerləşən Haçadağın, TÜRKSOY-un baş katibi Dusen Kaseinova isə Batabatın rəsmlərini bağışlayıb. Açılış mərasimində Ali Məclisin Sədri qeyd edib ki, İslam Əməkdaşlığı Təşkilatının Mədəniyyət nazirlərinin 2009-cu ildə Bakıda keçirilən 6-cı konfransında Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Bu doğrudan da tarixi bir hadisədir. Sonra çıxış edən Əbdüləziz əl-Tüveycri “Biz bu cür tarixi hadisəni sizinlə birlikdə qeyd etməyimizlə qürur duyuruq. Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi onun tarixi nailiyyətləri ilə bağlıdır”-deyə xəbərdə bildirilir. Yazıda həmçinin, Azərbaycan Respublikası mədəniyyət naziri Əbülfəs Qarayevin Naxçıvanın Yaxın və Orta Şərqdəki İslam dünyasında tutduğu mühüm mövqe ilə bağlı sözləri də yer alıb. Saytda gedən yazılar bir neçə dildə təqdim edilib.
Səməd Canbaxşiyev
Anar Tağıyev