Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə də stimul verməkdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.
Baş Nazir qeyd edib ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edib. Ötən il Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.
2019-cu ilin Azərbaycan üçün uğurlu olduğunu vurğulayan Baş Nazir deyib: “Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib”.