İsrailli ekspert: İşğal edilmiş Dağlıq Qarabağda qeyri-qanuni seçkilər beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir
u gün, bütün dünya ictimaiyyəti planeti bürümüş dəhşətli koronavirus pandemiyasına qarşı fəal mübarizə apardığı bir vaxtda 2020-ci il martın 31-də Ermənistan Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olan Dağlıq Qarabağdakı separatist, oyuncaq rejimdən istifadə edərək işğal olunmuş ərazidə qeyri-qanuni və qeyri-legitim, qondarma “parlament və prezident seçkiləri” keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu sözləri jurnalistlərə müsahibəsində deyib.
İsrailli ekspertin fikrincə, hamıya tamamilə aydındır ki, bu qondarma seçkilər beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir və belə “seçkilər”in nəticələrinin heç bir hüquqi əhəmiyyəti yoxdur.
Arye Qut vurğulayır: “Ermənistan Xarici İşlər Nazirliyinin bu məsələyə dair bəyanatı ilə tanış olan hər kəs çox yaxşı anlayır ki, Paşinyan rejimi ermənilərə xas olan xəyallar dünyasında yaşamağa davam edir. Heç bir beynəlxalq struktur, özünə hörmət edən heç bir dövlət Ermənistan silahlı qüvvələri tərəfindən 28 ildən çox bundan əvvəl işğal edilmiş Dağlıq Qarabağda keçirilmiş qeyri-qanuni və qeyri-legitim, qondarma “parlament və prezident seçkiləri”ni tanımayıb və tanımır.
Özünü “demokrat” kimi qələmə verən Paşinyan bu “obraz”dan Qərbə təzyiq üçün istifadə etmək ümidindədir. Belə cəfəng xəyallar, həmçinin müharibənın Azərbaycan üçün ədalətə nail olmağın yeganə üsulu olması faktı baş nazir Paşinyanın qeyri-peşəkarlığını, onda strateji təfəkkürdən əsər-əlamət olmamasını və böyük siyasət üçün tamamilə yararsız olduğunu göstərir”.
İsrailli ekspertin sözlərinə görə, rəsmi Bakı bunu dəfələrlə bildirib və Ermənistana xəbərdarlıq edib ki, o heç vaxt mövcud status-kvo ilə razılaşmayacaq.
İsrailli analitik vurğulayır: “Ermənistanın hərbi və siyasi rəhbərliyinin, həmçinin Dağlıq Qarabağdakı oyuncaq, separatist rejimin nümayəndələrinin gülünc bəyanatları və qondarma seçki şousu göstərir ki, onlar ciddi narahatlıq, qorxu, isterika və təlaş içindədirlər. Azərbaycan ordusu isə cəbhə xəttində hadisələrin istənilən ssenari üzrə inkişafına hazırdır. 2016-cı ilin aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyin təmin olunması üçün Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə sarsıdıcı hərbi zərbələr endirməsini hələ heç kəs unutmayıb”.
Avropa İttifaqının aydın və dəqiq mövqeyinidə vurğulamaq lazımdır. Bu qurum martın 31-də Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş “prezident və parlament seçkiləri”ni qanunsuz hesab edir. Avropa xarici əlaqələr xidmətinin martın 31-də Brüsseldə elan edilmiş bəyanatında deyilir: “2020-ci il martın 31-də Dağlıq Qarabağda keçirilmiş “prezident və parlament seçkiləri” ilə əlaqədar, Avropa İttifaqı yenidən bildirir ki, o, “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır”.
Sənəddə vurğulanır ki, bu hadisə “Dağlıq Qarabağın gələcək statusunun təyininə və ya davam edən danışıqlar prosesinin nəticəsinə təsir göstərə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun fəaliyyətini, o cümlədən, onun həmsədrlərinin yaranmış status-kvonun çərçivəsindən kənara çıxan tərəqqi əldə edilməsinə, hərtərəfli və davamlı sülhə nail olmaq üçün danışıqlara yönəlmiş səylərini qətiyyətlə dəstəklədiyini xatırladır.
Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut sonda Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanacağına ümid etdiyini bildirərək deyib: “Həm İsrailin Baş Naziri səviyyəsində, həm də İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri səviyyəsində dəfələrlə bildirilib ki, İsrail Dövləti Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, mən də bu mövqeyin tərəfdarıyam. İsrail Dövləti bu gün də Azərbaycanın və Azərbaycan xalqının yanındadır”.