«Dünya praktikasında keçirilən sorğular, bu və ya digər beynəlxalq qurumların ayrı-ayrı sahələr üzrə müxtəlif dövlətlərdə vəziyyəti açıqlayan hesabatları, təbii ki, əgər ədalət prinsipi əsas götürülərsə, həmin ölkələrin inkişafına, tərəqqisinə öz müsbət təsirini göstərir. Ona görə ki, bu sorğular və hesabatlarda ölkə vətəndaşlarının həyata keçirilən siyasətə, Prezidentə dəstəklərinin hansı səviyyədə olduğu açıqlanır, növbəti mərhələdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün daha ciddi səylər göstərilir. Azərbaycan daim istər ölkə, istərsə də beynəlxalq səviyyəli sorğu mərkəzlərinin apardıqları sorğularda öz liderliyini qoruyur. 29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin və son 16 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə etdiyi nailiyyətlərin miqyasının nə qədər böyük olması inkişaf modelinin dünya birliyində təqdir edilməsi ilə özünü qabarıq şəkildə büruzə verir.
Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələri bir daha bugünümüzün reallıqlarını, ən əsası ölkə vətəndaşlarının cənab İlham Əliyevə inam və etimadını nümayiş etdirdi. Sorğunun nəticələrinə əsasən, vətəndaşlarımızın 94,5 faizi Prezident İlham Əliyevə inanır və etimad göstərir.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu ilə bağlı KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, bütün ölkəni əhatə edən sorgunun nəticələri Azərbaycanın ayrı-ayrı sahələrdə həyata keçirilən təkmil islahatlar nəticəsində qazandığı uğurların təqdimatıdır: «İnam indeksi»nin müəyyənləşdirilməsi ilə bağlı keçirilən sorğunun nəticələrinin təhlili göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatları fonunda ölkəmizin yeni-yeni hədəflərə doğru irəliləməsi və onlara yüksək səviyyədə nail olması ölkə ictimaiyyətində rəğbət hissini artırmaqla yanaşı, inam və etimadı möhkəmləndirir. Təkcə 2020-ci ilin ötən dövründə Azərbaycanın siyasi, iqtisadi, sosial, xarici siyasət sahəsində qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin, ən əsası virusun ölkələrin iqtisadiyyatında yaratdığı iqtisadi və sosial fəsadların aradan qaldırılması üçün birgə mübarizənin, əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyacın olduğu indiki zamanda Azərbaycan özünün yeni iqtisadi və sosial paketi ilə bu çətinliklərin aradan qaldırılması istiqamətində müsbət nəticələrə nail olur. Ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunur, işsiz və xüsusi karantin dövründə müvəqqəti işsiz qalan vətəndaşlara yardımların verilməsi təmin edilir. Bir sözlə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, cənab İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olduğu təsdiqlənir. Möhtərəm Prezidentimizin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planında 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramda inkişafa zəmin yaradan məqamlar öz əksini tapıb.»
Baş redaktor bildirib ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsası kimi bu gün də öz aktuallığını qoruyur: «Belə ki, Azərbaycanın həm daxildə, həm də beynəlxalq müstəvidə həmrəyliyin, birliyin gücləndirilməsi istiqamətində atdığı addımlar təqdir olunur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi də deyilənlərin təsdiqidir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Çünki koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir.
V.Rəhimzadə vurğulayıb ki, pandemiyanın və eləcə də qlobal neft böhranının dərinləşdiyi bir dövrdə ölkədə reallaşdırılan genişmiqyaslı işlər vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir. Respondentlərin dəstək əmsalı 87, 8 faizdir. Bir staistika da açıqlanır ki, respondentlərin böyük əksəriyyəti, daha dəqiq desək, 93 faizi dövlətin koronavirusla bağlı ilkin mərhələdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirir. Azərbaycan dövlətinin pademiyaya qarşı mübarizəyə başladığı gündən həyata keçirilən tədbirlərin xronologiyasına diqqət yetirdikdə istər insanların sağlamlığının təminatı, istərsə də iqtisadi və sosial fəsadların aradan qaldırılması istiqamətində görülən tədbirlərin kompleks xarakter daşıdığı özünü qabarıq şəkildə büruzə verir. Məqsəd təbii ki, sağlamlığın qorunması, yüksək rifahın təmin edilməsi, iqtisadi tərəqqinin davamlılığını şərtləndirən bazanın möhkəmləndirilməsidir.
Baş redaktor bildirib ki, sosial islahatlar ili kimi tarixə yazılan 2019-cu ildə həyata keçirilən struktur, kadr islahatları, gəncləşmə siyasəti, könüllülük hərəkatının coğrafiyasının genişləndirilməsi məqsədilə cari ilin Azərbaycanda «Könüllülər ili» elan edilməsi və sair kimi biri-birindən əhmiyyətli addımlar bugünümüz, həmçinin gələcək üçün möhkəm bazanın yaradılmasında stimulverici amildir. Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr ötən ildən başlanan və cari ilin arxada qalan dövründə davam etdirilən addımlardır. Qeyd olunan sorğuda bütün sahələri əhatə edən islahatların qanunvericilik orqanında da öz əksini tapması üçün cari ilin fevralında ölkəmizdə parlament seçkilərinin keçirilməsi, yeni parlamentin formalaşması uğurlarımızın tərkib hissəsi kimi qeyd olunur.
«Ümumilikdə keçirilən hər bir sorğu arxada qalan dövrün təhlilində, həmçinin gələcək üçün proqnozların səsləndirilməsində əhəmiyyətli rol oynayır» söyləyən V.Rəhimzadə qeyd edib ki, cari ilin ötən dövrünün hər sahədə uğurları 2020-ci ili də uğurla başa vuracağımıza əsas yaradır. Xalqımız möhtərəm Prezidentimizin ətrafında sıx birləşir, həyata keçirilən siyasəti dəstəkləyərək gələcəyə doğru inamla addımlayır. Pandemiya dövründə Azərbaycan hakimiyyətinin atdığı hər addım bir daha dövlət-vətəndaş birliyini, həmrəyliyini dünyaya nümayiş etdirdi, ölkəmizdə vətəndaş məmnunluğunun artmasına öz müsbət təsirini göstərdi. Möhtərəm Prezidentimiz İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə vidobağlantı formatında keçirdiyi iclasda Azərbaycan xalqının dövlət tərəfindən görülmüş işlərə böyük qiymət verdiyini xüsusi vurğulamışdır.