Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiya Federasiyası XİN-in bəyanatına özünün reaksiyasında “təhlükəsizlik amili”ni prioritet adlandırıb.
İşğal şəraitində təhlükəsizliyi təsəvvür etmək çətindir. Bir dövlət tərəfindən digər dövlətin ərazilərinin işğal edilməsinin özü elə həmin təhlükəsizliyə daimi təhdid mənbəyidir. İşğalçılıq regionda təhlükəsizliyi təmin etmir, əksinə, onu təhdid altına salır. Təhlükəsizlik işğalçılığın başlanması ilə deyil, yalnız ona son qoyulması ilə əmələ gəlir.
Ermənistan XİN “Qarabağ xalqının təhlükəsizliyi” haqqında danışmaqla bizi artıq neçənci dəfə Yerevanda olan siyasətçilərə bunu xatırlatmağa məcbur edir ki, dünyada “Qarabağ xalqı” məfhumu yoxdur. Beynəlxalq birlik özünün çoxsaylı sənədlərində bu tezisi dəfələrlə və açıq-aydın rədd edib və bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun sakinləri dedikdə iki icma nəzərdə tutulur. Heç bir beynəlxalq təşkilat, dünyanın heç bir dövləti Dağlıq Qarabağ əhalisinin ayrıca götürülmüş erməni hissəsini regionun yeganə sakinləri hesab etmir. Öz evlərində yaşamaq haqqı etnik imtiyaz deyil. Əhalisinin üçdəbiri etnik əlamətinə görə öz evlərinə qayıtmaq imkanından məhrum olduğu bir vaxtda Qarabağın əhalisinin təhlükəsizliyindən danışmaq mümkün deyil.
Buna görə də işğala son qoyulması ilə yanaşı, regionun təhlükəsizliyi üçün daha bir vacib şərt Dağlıq Qarabağ əhalisinin digər hissəsinin öz evlərinə qayıtmasıdır.
Ermənistan XİN-in başçısı öz bəyanatında “iradə azadlığı hüququna məhdudiyyət olmadan” ifadəsindən istifadə edir. Lakin birinci mərhələdə Dağlıq Qarabağın əhalisinin qovulmuş hissəsinin qaytarılması üçün şəraitin yaradılması məqsədilə Dağlıq Qarabağa bitişik 7 rayonun azad edilməsi barədə beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymayan Ermənistan özü bu iradə azadlığı üçün məhdudiyyət yaradır. Gələcək status məsələsində iradə azadlığına yalnız hazırda regionda yaşayan insanların iştirakı ilə nail olmağın mümkünlüyü barədə xülyalara dalmağa dəyməz. İşğalın davam etdiyi bütün 30 il ərzində keçirilmiş qondarma seçkilərin nəticələrinin dünya birliyi tərəfindən qəbul edilməməsi Yerevana kifayət qədər açıq şəkildə mesajdır ki, zor gücünə, süni şəkildə elektoratın natamamlığı vəziyyətinin yaradılması hər hansı “iradə azadlığı”nı legitimlikdən məhrum edir.
Ermənistanın bir danılmaz həqiqəti mümkün qədər tez anlamalıdır ki, işğala son qoyulmadan təhlükəsizliyin təmin edilməsi mümkün deyil, status isə bu prosesdə Dağlıq Qarabağın bütün əhalisinin tamdəyərli iştirakı olmadan müəyyən edilə bilməz. Ermənistandan “birtərəfli güzəştlər” deyil, sülhə doğru addım atmaq tələb olunur. Ən əsası, o, həm regionda insanların təhlükəsizliyinin tezliklə təmin olunmasında, həm də onun statusunun yaradılmasında öz-özünə kömək etməlidir.
Azərbaycan Ermənistanı özünü aldatmamağa, öz cəmiyyətini xam xəyallarla bəsləməməyə çağırıb. Dağlıq Qarabağ regionunun Azərbaycandan kənarda mövcudluğu xam xəyaldır, işğal isə müvəqqətidir! İşğala son qoyulmadan və məcburi köçkünlər öz evlərinə qayıtmadan hər hansı təhlükəsizlikdən danışmaq mümkün deyil. Ermənistan tərəfindən prosesin bundan sonra da uzadılması təhlükəsizliyi möhkəmləndirmir, əksinə, iki xalqdan sülhü oğurlayır ki, bu sülhü də yuxarıda göstərilən şərtlər yerinə yetirilmədən əldə etmək mümkün olmayacaq.