Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub - FOTOLAR
İslamabad şəhərində Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
NUHÇIXAN xəbər verir ki, paytaxtın Serena mehmanxanasında keçirilən qəbulda Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Ənvər Xan, Pəncab əyalətinin qubernatoru, Pakistan Silahlı Qüvvələrinin bir sıra generalları, kontradmiralları, aviasiya vitse-marşalları, digər yüksəkrütbəli zabitlər, xarici ölkələrin Pakistanda akkreditə olunmuş səfirləri, hərbi attaşelər, diplomatlar, dövlət və hökumət rəsmiləri, tanınmış ziyalılar, biznesmenlər, jurnalistlər və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirin keçirildiyi salon Azərbaycan və Pakistan bayraqları, Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevə və digər görkəmli şəxsiyyətlərinə aid, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları özündə əks etdirən fotoşəkillər və stendlərlə bəzədilib. Cari ildə keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin banerləri və broşürləri də salonda yerləşdirilib. Salonun mərkəzində qurulmuş monitorda Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini, hərbi imkanlarını, maddi-texniki bazasını, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafını, mədəniyyətini, tarixini və turizm imkanlarını əks etdirən videoçarxlar təqdim olunub.
Salonun girişində hərbi attaşe polkovnik Mehman Novruzov tərəfindən yağlı boya ilə çəkilmiş ulu öndər Heydər Əliyevin və Silahlı Qüvvələrimizin Ali Baş Komandanının portretləri, eləcə də 2016-cı ilin Aprel döyüşləri nəticəsində düşmən işğalından azad olunmuş Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndinin görüntülərini əks etdirəm rəsm əsərləri sərgilənib.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan rəsmi qəbulda qonaqları salamlayan səfir Əli Əlizadə bu il Azərbaycan Prezidentinin Sərəncamına əsasən təntənəli şəkildə qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə kimi yadda qalacağını və bu bayram tədbirlərinin dost və qardaş ölkə olan Pakistanda keçirilməsinin xüsusi əhəmiyyətinin olduğunu vurğulayıb. Səfir Azərbaycan xalqının dəstəyi və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bir çox uğurlara imza atdığını və hazırda Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd edib. Diplomat səmərəli əməkdaşlıq və tərəfdaşlığa görə Pakistana, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirin iştirakçılarına təşəkkürünü çatdırıb.
Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışıb. O, Azərbaycanın Xalq Cümhuriyyəti dövründə olduğu kimi, müstəqilliyin bərpasından sonra da Azərbaycanın erməni təcavüzü və terroru ilə üzləşdiyini, nəticədə 1988-1993-cü illərdə əzəli torpaqlarımızın erməni işğalına məruz qaldığını qeyd edib. Hərbi attaşe 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını bildirib. Qeyd edib ki, Azərbaycan dövləti və xalqı tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf rayonlarının erməni terrorçuları tərəfindən işğalı faktı ilə heç vaxt barışmayacaq və işğal altında olan torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasət nəticəsində azad ediləcəyi günün çox yaxında olduğunu vurğulayıb. O, müasir silahlar, peşəkar və vətənpərvər kadrlara sahib olan Azərbaycan Ordusunun son nailiyyətləri, eləcə də Pakistanla əlaqələri haqqında da məlumat verib, iki ölkə arasında hərbi münasibətlərin dinamik inkişaf etdiyini deyib.
Mücahid Ənvər Xan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və şəxsi heyətini, Azərbaycan dövləti və xalqını bu tarixi gün münasibətilə təbrik edib. Vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu böyük inkişafa və nailiyyətlərə imza atıb. Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı Pakistan-Azərbaycan əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu bildirib, ölkəsinin 2005-ci ildə üzləşdiyi zəlzələ, eləcə də 2010 və 2011-ci illərdə baş verən daşqınların fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Pakistan dövlətinə və xalqına göstərdiyi dəstəyi də xatırladıb. Azərbaycanın və Pakistanın Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birinə göstərdiyi dəstəyin önəmini qeyd edən Mücahid Ənvər Xan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Çıxışlardan sonra Azərbaycandan dəvət olunmuş müğənnilər Pərviz Abdullayev, Mehparə Cəfərova və sintezator ifaçısı Ruslan Cabbarovun ifasında xalq mahnılarımız səslənib.
Mərasimdə iştirakçılara Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər və digər əyani materiallar paylanıb.
Rəsmi qəbul Pakistanın televiziya kanalları və kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.