Malayziyanın nüfuzlu BERNAMA agentliyi Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də keçirilən “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü barədə böyük məqalə yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iki agentlik arasında imzalanmış əməkdaşlıq barədə müqaviləyə əsasən Azərbaycanın aparıcı agentliyi vasitəsilə əldə edilən məlumatları özündə əks etdirən “Qoşulmama Hərəkatının liderləri COVID-19-a qarşı mübarizədə birləşirlər” adlı məqalədə Zirvə görüşü barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, videokonfrans formatında təşkil edilən Zirvə görüşündə Prezident İlham Əliyev açılış nitqi söyləyib. Koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladan Azərbaycan Prezidenti qarşılıqlı dəstək və birgə səylərlə COVID-19-a qalib gəlməyin mümkün olduğunu vurğulayıb.
Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verən dövlətimizin başçısı pandemiya dövründə insanların sağlamlığının və onların sosial müdafiəsinin təmin edilməsinin Azərbaycan dövləti üçün prioritet məsələ olduğunu qeyd edib. Azərbaycanın COVID-19-a qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu vurğulayıb.
Sonra BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış edərək deyib ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz.
Zirvə görüşündə BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub. Tədbirin beynəlxalq əhəmiyyətini xüsusi vurğulayan BMT Baş katibi, Zirvə görüşünün təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat da Zirvə görüşünün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rolun əhəmiyyətlini vurğulayıblar.
Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətində COVID-19-un dünyanın müxtəlif guşələrinin biri-birinə nə dərəcədə bağlı olduğunu göstərdiyi, bunun oyanış üçün qlobal çağırış olduğu qeyd edilib.
Məqalədə bildirilir ki, ümumilikdə sammitdə 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıları da çıxış ediblər.
Məqalədə Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğu nəzərə alınaraq, Zirvə görüşünün coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilməsi də öz əksini tapıb.
Zirvə görüşündə digər liderlərlə yanaşı Malayziyanın Baş naziri Muhiddin Yassinin və İndoneziya Prezidenti Coko Vidodonun olduğu da qeyd edilib.