Cəbhə bölgəsindəki hərbi hissələrin silah və hərbi texnikasının döyüş qabiliyyəti yoxlanıb - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsindəki hərbi hissələrin silah və hərbi texnikasının döyüş qabiliyyətini yoxlayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra hərbi hissələrin sərəncamında olan silah və hərbi texnikanın müxtəlif növlərinə baxış keçirilib.
Hərbi hissələrin birinin ərazisində inşa olunan trenajor binasına gələn general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov ekipajların tank və piyada döyüş maşınlarının təlim-məşq qurğularında atış və sürücülük məşqlərini izləyiblər.
Müdafiə nazirinin əmri ilə döyüş texnikası təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılıb və tapşırıq uğurla icra olunub.